SON XƏBƏRLƏR

Parlamentdə çıxış edən urmulu millət vəkili Güney Azərbaycan sərvətlərinin talandığını bildirib-VİDEO

2021.11.16, 14:48
Parlamentdə çıxış edən urmulu millət vəkili Güney Azərbaycan sərvətlərinin talandığını bildirib-VİDEO

Gunaz.tv

Ruhullah Həzrətpur bildirib ki, bölgə ən zəngin mədənlərə malik olsa da əhali  yoxsul vəziyyətdə yaşayır.

“Mən kəndli balası Ruhullah Həzrətpur atamın vəsiyyətinə uyğun olaraq fəxr olunası türk ləhcəsi ilə və ancaq əzab çəkmiş xalqımın tərəfindən danışacağam”-deyə, millət vəkili noyabrın 14-də İran parlamentinin açıq oturumunda etdiyi çıxışında bildirib.

O, hal-hazırda Urmu bölgəsində illik 1 milyon 200 min ton almanın və minlərlə ton başqa kənd təsərrüfatı məhsullarının istehsal olunmasına baxmayaraq, əyalətdə suyun dəyərinin o məhsullardan daha yüksək olduğunu deyib.

“Bu gün ölkənin ən zəngin mədənləri, o sıradan qızıl mədənlərinin Qərbi Azərbaycanda yerləşməsinə baxmayaraq biz yoxsul yaşamaqdayıq və bu mədənlərdən bizim payımız yalnız xarabalıq, xərçəng xəstəliyi sunamisidir.

Bununla yanaşı 20 ildir Azərbaycanın üzüyü olan Urmu gölünün bərpası ilə bağlı verilən vədlərində hamısı yalan çıxıb. İndidə onun düzünü talamaq üçün səfərbər olublar”-deyə, Həzrətpur qızıl mədənlərindən əyalətə heç nə ayrılmadığını söyləyib.

 Millət vəkili ölkədə büdcənin və gəlirlərin ədalətsiz şəkildə paylanıldığını, Azərbaycanın haqqının tapdalandığını və bununla bağlı Seyid Əli Xamneiyə xüsusi şikayət edəcəyini deyib.

Qeyd edək ki, Zərşuran və Ağdərə qızıl mədənləri Qərbi AzərbaycanınTikantəpə bölgəsində yerləşir.

Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar