SON XƏBƏRLƏR

SEPAH generalı Şərqi Azərbaycana vali təyin olundu

2021.10.20, 07:36
SEPAH generalı Şərqi Azərbaycana vali təyin olundu

Gunaz.tv

Oktyabrın 17-də İran prezidenti İbrahim Rəisinin başçılığı ilə keçirilən iclasda kadr təyinatları olub.

İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən ollmuş briqada generalı olan Zeynəlabdin Rəzəvi Xürrəm Şərqi Azərbaycan əyalətinin valisi təyin olunub.

Hərbi dairələrdə Abdin Xürrəm kimi tanınan şəxs vali təyin olunana qədər Şərqi Azərbaycan əyalətinin “Aşura” korpusunun komandiri olub.

O, Şərqi Azərbaycanın 15-ci valisi olacaq. 1966-cı ildə anadan olmuş Zeynəlabdin Rəzəvi Xürrəm idarəetmə və planlaşdırma üzrə bakalavr, strateji idarəetmə üzrə magistr dərəcəsinə malikdir.

Bundan öncə Zeynəlabdin Rəzəvi Xürrəmin adı Şərqi Azərbaycan əyalətinin İran parlamentindəki Nümayəndələr fraksiyasının əyalət valiliyinə gətirilməsi üçün təklif olunan 5 namizəd siyahısında olub.

Onun adaylığı bir sıra azərbaycanlı millət vəkillərinin narazılığı ilə qarşılanmışdı.

Qeyd edək ki, əksər əyalətlərə vali təyin olunduğu halda Şərqi və Qərbi Azərbaycan əyalətlərinə vali təyinatının gecikdirilməsi azərbaycanlılar və bir sıra millət vəkilləri, yerli məsulların etirazlarına səbəb olmuşdu.

Onlar bu gecikmənin yerli məmurların fəaliyyətlərində sahəsində qeyri-müəyyənliyin yaranmasına səbəb olduğunu bildirmişdilər.
Eyni halda Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi millət vəkillərinin vali təyinatındakı müdaxilələrini kəskin qınamışdı.

O, millət vəkillərinin vali seçiminə müdaxilələrinin sonrakı mərhələlərdə vali müavini, müşavir təyinatına da təsir edəcəyini demişdi.

“Millət vəkillərinin vali təyinatına müdaxilələri əyalət idarəçilik sistemində ciddi zəifləmələrə və fəsadlara yol aça bilər.

Hər hansı çatımazlıq və qeyri-düzgün idarəçilik olarsa dövlət bunu nümayəndələrin üzərinə yıxıb və məsuliyyətdən yayınmağa çalışacaq”-deyə, hökumətin məmurların yarıtmaz fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərindən atmağa çalışdığını barədə xəbərdarlıq etmişdi.

Bununla yanaşı eyni gündə Nazirlər Kabineti Qərbi Azərbaycan valisini də təyin edib.

Nazirlər Kabinetinin toplantısında Məhəmmədsadıq Mötəmediyan Qərbi Azərbaycan əyalətinin valisi barədə qərar təsdiq olunub.

O, bundan öncə Cənubi Xorasan və Xorasan-i Rəzəvi əyalətlərinin valisi kimi fəaliyyət göstərib. Yeni valinin fəaliyyət göstərdiyi əyalətlərdə vəzifə səlahiyyətlərini yerinə yetirməkdə yarıtmazlıqlara yol verdiyi barədə çoxsaylı məlumatlar yayılıb.

Mötəmediyan eyni halda Qərbi Azərbaycan və İlam əyalətlərində İran kəşfiyyat xidməti-ETTELAAT-ın əyalət bölmələrinin başçısı vəzifəsində çalışıb.

1970-ci ildə Kirmanşahda anadan olan Mötəmediyan Urmu Universitetində İqtisadiyyat üzrə bakalavr və idarəetmə üzrə magistr dərəcəsi alıb.

Qərbi Azərbaycan əyalətinin yeni valisi milliyyətcə kürddür.

Bir müddət öncə onun əyalətə vali təyin olunacağı barədə xəbərlərin yayılması azərbaycanlıların narazılıqları ilə qarşılanmışdı.

Qeyd edək ki, bundan öncəki vali Məhəmməd Mehdi Şəhriyari də milliyyətcə kürddür.

Bu günə kimi onun Qərbi Azərbaycanda radikal miliyyətçi kürd qruplaşmaları ilə əlaqələri barədə dəfələrlə məlumatlar yayılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar