SON XƏBƏRLƏR

Şərqi Azərbaycan əyalətinə vali təyin olunmaması narazılıqlara səbəb olub

2021.10.20, 07:36
Şərqi Azərbaycan əyalətinə vali təyin olunmaması narazılıqlara səbəb olub

Gunaz.tv

İbrahim Rəisinin prezident seçilməsindən sonra yeni hökumət formalaşmağa başlayıb və İranın əksər əyalətlərinə yeni valilər təyin olunub.

Şərqi Azərbaycan əyalətinə vali təyinatının gecikdirilməsi bu günə kimi bir sıra yerli məsulların və millət vəkillərinin narazılıqları ilə qarşılanıb.

Hazırkı vali Məhəmmədrza Purməhəmmədi oktyabrın 3-də mətbuata verdiyi açıqlamada vali vəzifəsindən azad edilməsilə bağlı məktub yazdığını, ancaq məktubuna cavab verilənə, əyalətə yeni vali təyin olunana qədər işləyəcəyini deyib.

“Mən Daxili İşlər Nazirliyinin kadrı olmadığım üçün bu quruma istefa ərizəsi yazmağım yersiz olardı. Sadəcə səlahiyyətlərimə son verilməsi ilıə bağlı ərizə yazıb və bu işdən azad edilməyimi xahiş etmişəm”-deyə, Purməhəmmədi bildirib.

Şərqi Azərbaycanın Ocan (Bostanabad) mahalından İran parlamentində təmsil olunan Qulamhüseyn Nuri Qızılca isə məsələ ilə bağlı verdiyi müsahibədə əyalətə yeni valinin təyin olunmadığından narazılığını ifadə edib.

O, bildirib ki, hazırkı vəziyyətdə əyalət məsulları öz vəzifələrini yerinə yetirməkdə qeyri-müəyyənliklə qarşadıqları üçün prezidentdən Şərqi Azərbaycana yeni valinin təyinatını tezləşdirməsini istəyib.

Bundan öncə bir sıra azərbaycanlı nümayəndələr hökumətdə təmsil olunan bəzi cərəyanların azərbaycanlıların istəyini nəzərə almadan özünün nəzərdə tutduğu şəxsi əyalətə vali təyin etmək niyyətində olduğunu deyib, təyinatın bu üzdən gecikdirildiyini qeyd ediblər. 

Şərqi Azərbaycanın İran parlamentindəki nümayəndələri fraksiyasının başçısı Ruhullah Mütəfəkkir Azad məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada hazırda 5 namizədin içindən birinin vali təyin olunmasını istədiklərini bildirib. O, deyib ki, fraksiya tərəfindən hər hansı bir namizədin təyin olunması üçün müdaxilə edilməyib.

Təbriz şəhərini İran parlamentində təmsil edən Əhməd Əlirzabeygi isə məsələ ilə bağlı açıqlamasında vali təyinatına müdaxilələri sərt tənqid edib.

O, deyib ki, millət vəkillərinin vali seçiminə müdaxiləsi sonrakı mərhələlərdə vali müavini, müşavir təyinatına da təsir edəcək.

“Millət vəkillərinin vali təyinatına müdaxilələri əyalət idarəçilik sistemində ciddi zəifləmələrə və fəsadlara yol aça bilər. Hər hansı çaşımazlıq və qeyri-düzgün idarəçilik olarsa dövlət bunu nümayəndələrin üzərinə yıxıb və məsuliyyətdən yayınmağa çalışacaq”-deyə, hökumətin məmurların yarıtmaz fəaliyyəti bağlı məsuliyyəti öz üzərindən atmağa çalışdığını bildirib.

Ə.Əlirzabeyqi qeyd edib ki, nümayəndələrin məsələyə belə yanaşması gələcəkdə onları xalqın hüquqlarını qorumaq əvəzinə seçimində müdaxilə etdikləri vəzifəliləri müdafiə etmələri ilə nəticələnə bilər.

Qeyd edək ki, bundan öncə Əhməd Əlirzabeygi Şərqi Azərbaycan əyalətinə xüsusi səlahiyyətli valinin təyin olunmasını, əyalətin idarəçiliyində yerli məsulların səlahiyyətlərinin artırılmasını istəmişdi.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar