SON XƏBƏRLƏR

Şərqi Azərbaycana vali təyinatı düyünə düşüb: “Vali təyinatına müdaxilə olunur”-Millət vəkili

2021.10.20, 07:36
Şərqi Azərbaycana vali təyinatı düyünə düşüb: “Vali təyinatına müdaxilə olunur”-Millət vəkili

Gunaz.tv

Bu günə kimi əyalətə vali təyin olunmayıb.

Bundan öncə bir sıra azərbaycanlı nümayəndələr İran Daxili İşlər Nazirliyinin azərbaycanlıların istəyini nəzərə almadan özünün nəzərdə tutduğu şəxsi əyalətə vali təyin etmək niyyətində olduğunu deyib, təyinatın bu üzdən gecikdirildiyini qeyd ediblər.

Şərqi Azərbaycanın İran parlamentindəki nümayəndələri fraksiyasının başçısı Ruhullah Mütəfəkkir Azad məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada hazırda 5 namizədin içindən birinin vali təyin olunmasını istədiklərini bildirib. O, deyib ki, fraksiya tərəfindən hər hansı bir namizədin təyin olunması üçün müdaxilə edilməyib.

“Vali təyin etmək Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Millət vəkilləri bu işə müdaxilə etmir, sadəcə məsələ ilə bağlı öz məsləhətlərini verir, fikirlərini ifadə edirlər.

22 nəfər namizədlər siyahısından 5 nəfər seçilib və bunlardan hər hansının vali təyin olunması bizi qane edir”-deyə, Mütəfəkkiri Azad “İsna” xəbər agentliyinə müsahibəsində açıqlama verib.

O bildirib ki, nəzərdə tutulan 5 nəfərdən ikisi SEPAH komandiri, biri iqtisadçı mütəxəssis, biri keçmiş milət vəkili, biri isə məhkəmə sisteminin əməkdaşı olub.

Şərqi Azərbaycanın Vərziğan bölgəsindən İran parlamentində təmsil olunan Allahverdi Dehqani isə valilik üçün nəzərdə tutulan 5 nəfərin Əlayi, Abdin Xurrəm, Məsudfər, Purcəmşidiyan və Rza Rəhmani olduqlarını açıqlayıb.

Təbriz şəhərini İran parlamentində təmsil edən Əhməd Əlirzabeygi isə məsələ ilə bağlı açıqlamasında vali təyinatına müdaxilələri sərt tənqid edib.

O, deyib ki, millət vəkillərinin vali seçiminə müdaxiləsi sonrakı mərhələlərdə vali müavini, müşavir təyinatına da təsir edəcək.

“Millət vəkillərinin vali təyinatına müdaxilələri əyalət idarəçilik sistemində ciddi zəifləmələrə və fəsadlara yol aça bilər. Hər hansı çaşımazlıq və qeyri-düzgün idarəçilik olarsa dövlət bunu nümayəndələrin üzərinə yıxıb və məsuliyyətdən yayınmağa çalışacaq”-deyə, hökumətin məmurların yarıtmaz fəaliyyəti bağlı məsuliyyəti öz üzərindən atmağa çalışdığını bildirib.

Ə.Əlirzabeyqi qeyd edib ki, nümayəndələrin məsələyə belə yanaşması gələcəkdə onları xalqın hüquqlarını qorumaq əvəzinə seçimində müdaxilə etdikləri vəzifəliləri müdafiə etmələri ilə nəticələnə bilər.

Qeyd edək ki, bundan öncə Əhməd Əlirzabeygi Şərqi Azərbaycan əyalətinə xüsusi səlahiyyətli valinin təyin olunmasını, əyalətin idarəçiliyində yerli məsulların səlahiyyətlərinin artırılmasını istəmişdi.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar