SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda önəmli tikinti layihələri yarımçıq qalıb

2022.02.02, 10:51
Şərqi Azərbaycanda önəmli tikinti layihələri yarımçıq qalıb

Gunaz.tv

Vali bildirib ki,  Yol və Şəhərsalma Nazirliyi vəsait ayırmalı və yarımçıq qalmış layihələr başa çatdırılmalıdır.

Vali Yol və Şəhərsalma nazirinin müavini ilə görüşündə əyalətin dəmir yolu layihələrinin yarımçıq qaldığını bildirib. O, Təbriz-Miyana dəmir yolu layihəsinin Təbriz-Ocan hissəsinin 18 il bundan öncə başlandığını və bu günə kimi tamamlanmadığını bildirib.

Nazir müavini Abbas Xətibi Planlaşdırma və Büdcə Təşkilatının layihə ilə bağlı vəsait ayırmadığı üçün işin yarımçıq qaldığını deyib və məsuliyyəti nazirliyin üzərindən atmağa çalışıb.

Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Qulaməli Rastinin dediyinə görə, hal-hazırda əyalətdə 1500-dən çox yarımçıq layihə mövcuddur.

O, əyalətdə yarımçıq qalan 1565 layihənin tamamlanması üçün 27,321 milyard tümən vəsaitə ehtiyac olduğunu və bunun reallaşacağı təqdirdə 43 mindən çox insanın məşğulluq probleminin həll olunacağını qeyd edib.

Q.Rasti uzun illərdir büdcə çatışmazlığı ucbatından yarımçıq qalan layihələrin 947-də yalnız 60% irəliləyiş olduğunu, qalan layihələrin isə ilkin işlər görüldükdən sonra dayandırıldığını söyləyib.

Qeyd edək ki, bundan öncə dekabrın 30-da əyalət valisi İranın meqa layihələri Şərqi Azərbaycandan olan sərmayədarların vəsaiti hesabına həyata keçirildiyini demişdi.

“Ölkənin ən böyük layihələri bizim əyalətin investorları hesabına reallaşdığı bir halda biz özümüz əyalətdə sərmayə qoymağa adam axtarırıq”-deyə, Şərqi Azərbaycanın valisi mövcud şəraiti tənqid etmişdi.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar