İran prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında çıxış edərək, Amerikanın yeni prezidenti Co Baydeni və onun hökumətini nüvə sazişinə (Bərcam-a) qayıtmağa çağırıb.
Gunaz.tv
Donald Trampın Ağ Evi tərk etməsindən sevindiyini bildirən Ruhani deyib ki, əgər Bayden hökuməti İrana doğru müsbət bir addım irəli atsa, İran da bu istiqamətdə addım atacaq: “Tramp artıq öldü, lakin nüvə sazişi hələ də durur. O çox çalışdı ki, bu razılaşmanı məhv etsin, ancaq buna nail olmadı. Onun bu istiqamətdə göstərdiyi bütün səyləri uğursuz oldu. Bu gün Trampın mənfur hökumətinin son günüdür. Elə bir hökumət ki, onun öz xalqına və dünya əhalisinə zülm etməkdən və problem yaratmaqdan başqa bir nəticəsi yox idi.
Əgər Co Bayden hökuməti bizə doğru addım atsa və bəzi fərmanlar imzalasa, biz də eyni addımı atacağıq.
Bu gün bizim Ağ Evdə yeni hökuməti ələ alanlardan gözləntimiz odur ki, qanuna qayıtsınlar və Amerikanın nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etsinlər. Onlardan gözləntimiz odur ki, bizə qarşı tətbiq edilən snksiyaları ləğv etməklə son 4 ildəki bütün ləkələri silsinlər. Əlbəttə əgər silinəsi bir ləkə olarsa. Çünki bəzi ləkələr silinməzdir.
Əgər Amerika öz öhdəliklərinə əməl etsə, sözsüz ki, biz də üzərimizə götürdüyümüz öhdəliklərə əməl edəcəyik. Bir daha bildiririk ki, top artıq Vaşinqtonun və Co Bayden hökumətinin meydançasındadır”, -deyə, İran prezidenti Həsən Ruhani yanvarın 20-də Nazirlər Kabinetinin iclasındakı çıxışında bəyan edib.
A.M