SON XƏBƏRLƏR

Ruhaninin müavini: “FATF-ın qara siyahısına düşməyin qarşısını almaq üçün dövlətin edə biləcəyi bir şey yoxdur”- FOTO

2021.10.20, 07:36
Ruhaninin müavini: “FATF-ın qara siyahısına düşməyin qarşısını almaq üçün dövlətin edə biləcəyi bir şey yoxdur”- FOTO

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhaninin hüquq məsələləri üzrə müavini Laya Cüneydi FATF layihələri ilə bağlı açıqlama verib.

 

O bildirib ki, artıq İranın FATF-ın qara siyahısına yenidən düşməsinin qarşısını ala bilmək üçün dövlətin edəcəyi bir şey yoxdur. Xanım Cüneydinin sözlərinə görə, dövlət bu istiqamətdə zəruri olan bütün addımları atıb, artıq bu məsələ onun səlahiyyətlərindən çıxıb.

 

“Maliyyə Hesabatları üzrə Xüsusi İşçi Qrupu- FATF-ın təkliflərini qəbul etməmək İranı qlobal maliyyə sistemi ilə üzbəüz qoyacaq. Bu halın yaşanmaması üçün aidiyyatı qurumların qərarını gözləməliyik”, - deyə Ruhaninin müavini əlavə edib.

 

Xanım Cüneydinin aidiyyatı qurumlar kəlməsi ilə “dini lider” Əli Xamneyinin beytini nəzərdə tutduğu hesab edilir.

 

Çirkli pulların yuyulması kimi mali cinayətlərə nəzarət edən Maliyyə Hesabatları üzrə Xüsusi İşçi Qrupu- FATF ötən ilin payızında İrana 2 konvensiyanı qəbul etmək üçün sonuncu dəfə möhlət hüququ vermişdi. Əgər rəsmi Tehran çirkli pulların yuyulması və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə konvensiyaları qəbul etməsə, FATF-ın qara siyahısına əlavə ediləcək.

 

 

Milli Məclisin hər iki konvensiyanı ratifikasiya etməsinə baxmayaraq, Ali Məsləhət Şurası bir ildən artıqdır ki, onları təsdiqləməməklə, İranın FATF təkliflərini qəbul etməsinə məneə olur.

 

FATF-ın sabahdan etibarən Fransanın Paytaxtı Paris şəhərindən başlayacaq və 6 gün davam edəcək iclasında yenidən İran məsələsini gündəmə gətirəcəyi gözlənilir.

 

Konvensiyaların qəbuluna qarşı çıxan əsasən mühafizəkar siyasətçilər öz fikirlərini bununla əsaslandırırlar ki, onların qəbulu “Sepah”ın xaricdəki fəaliyyətlərini, eləcə də İranın Livanın Hizbullah qruplaşması kimi terror və yaraqlı dəstələrə göstərdiyini köməklər və Amerika sanksiyalarını pozmağa hədəflənmiş fəaliyyətlərinin davamını kölgə altına salacaq.

 

Ali Məsləhət Şurasının katibi Sadiq Laricani bir müddət əvvəl bildirmişdi ki, Maliyyə Hesabatları üzrə Xüsusi İşçi Qrupunun təklif etdiyi konvensiyaları qəbul etmək “ölkənin milli təhlükəsizliyinə qarşı böyük təhdiddir”.

 

 

İslahatçı İran hökuməti isə bəyan edir ki, FATF-a qoşulmaq “Sepah”ın xaricdəki fəaliyyətlərinə əngəl törətməyəcək, əksinə bu konvensiyaları qəbul etməmək onsuzda bərbad vəziyyətdə olan İranın beynəlxalq bank əməkdaşlıqlarını tamamilə kəsəcək.

 

FATF İrana verdiyi möhləti bu həftəki iclasında uzatmasa, artıq rəsmi Tehran qrupun ya qara, ya da mübarizə siyahısında qərarlaşacaq. FATF üzv ölkələrdən həmin siyahılarda qərarlaşan ölkələrlə mali mübadilələri kəsməyi tələb edir.

 

2015-ci il nüvə razılaşmasından sonra İran beynəlxalq bank şəbəkələri ilə əməkdaşlıq edə bilmək və bununla da öz maliyyə sektorunu inkişaf etdirmək üçün FATF standartlarını qəbul etməyə çalışır. Həsən Ruhaninin 2-ci prezidentlik dövrünün yarıdan çoxunun geridə qalmasına baxmayaraq, daxili ziddiyyətlər səbəbindən İran hökuməti hələ də sözügedən konvensiyaları qəbul edə bilməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar