SON XƏBƏRLƏR

Ruhaninin müavini: “İran Suriyanın yenidən qurulmasında yaxından iştirak edəcək”

2021.10.20, 07:36
Ruhaninin müavini: “İran Suriyanın yenidən qurulmasında yaxından iştirak edəcək”

Gunaz.tv

GünAz TV: İranın vitse-prezidenti İshaq Cahangiri Suriyanın Tehrandakı səfiri ilə görüşüb.

 

Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlər, eləcə də Suriyada gedən vətəndaş müharibəsi barədə fikir mübadiləsi aparıblar.

 

İshaq Cahangiri İranın özəl sektorunun hər zaman Suriyada geniş fəaliyyət göstərdiyini və rəsmi Tehranın gələcəkdə bu ölkənin müharibə nəticəsində dağılmış bölgələrinin yenidən bərpa olunmasında yaxından iştirak edəcəyini bildirib.

 

O, həmçinin bu yaxınlarda Dəməşqə səfərə gedəcəyini, səfər çərçivəsində iki ölkə arasında “strateji ticari əməkdaşlıq memorandumu”nun imzalanacağını deyib. Qeyd etmək lazımdır ki, bu momerandum Suriya tarixində ilk dəfə olaraq hər hansı bir xarici ölkə ilə imzalanmış “strateji ticarət anlaşması” hesab ediləcək.

 

Suriyanın Tehrandakı səfiri Adnan Mahmud isə ölkəsinin İranla ticari və siyasi əlaqələri daha da genişləndirmək niyyətində olduğunu bildirib. O, həmçinin rəsmi Dəməşqin İran dövlətinin və özəl sektorunun müharibə nəticəsində dağılmış Suriyanın müxtəlif bölgələrinin yenidən bərpa edilməsinə kömək etməsini gözlədiyini deyib.

 

Qeyd edək ki, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra İran Bəşər Əsəd hökumətini dəstəkləyən əsas ölkələrdən biridir. Rəsmi Tehran bu rejimin hakimiyyətdə qalması üçün hər il milyardlarla dollar pul xərcləyib. BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Stefan de Misturanın dediklərinə görə, rəsmi Tehran Bəşəd Əsədin hakimiyyətdə qalması üçün hər il ən azı 6 milyard dollar pul xərcləyib. Digər statistikalara əsasən, bu rəqəm illik olaraq 15-20 milyard dollar civarında olub. Bundan başqa, İran bu ölkənin daxili işlərinə də müdaxilə edərək, Suriyaya hərbi birləşmələr yeridib və etirazçı xalq kütlələrinin Bəşər Əsəd tərəfindən qətlə yetirilməsinə yardım edib.

 

Bununla yanaşı, İran 2006-cı ildə Hizbullahla İsrail arasında baş vermiş 33 günlük müharibədən sonra da Livanın dağılmış bölgələrində bərpa işləri həyata keçirib. İranın bir çox bölgələrində insanlar palçıqdan tikilən evlərdə yaşadığı, məktəb, işıq, su və digər həyat üçün zəruri olan resurslardan məhrum olduğu halda, iranlı rəsmilər xarici ölkələrdə bu kimi bərpa işlərinə milyardlarla dollar pul xərcləyir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar