SON XƏBƏRLƏR

Rusiyada faşistlər birləşdi

2021.10.20, 07:36
Rusiyada faşistlər birləşdi

Gunaz.tv
Rusiyada faşistlər birləşdi Bu prosesdə hansı məqsədlər ola bilər? Rusiyada 5 radikal millətçi qruplaşmanın birləşməsi barədə məlumatlar sürətlə yayıldı. Onlar bundan sonra birgə mübarizə aparmalıdırlar. "Faşist partiyaları" adlanan həmin qruplaşmalar nədən birləşdilər və onlar kimlərə qarşı mübarizə aparacaqlar? Məsələ ona görə ciddidir ki, Rusiyada radikal millətçilər olduqca amansızcasına insanları qətlə yetiriblər. Onlar əsasən qeyri-ruslara qarşı fəaliyyət göstərirlər. Devizləri "Rusiya yalnız rular üçündür"dən ibarətdir. Rəsmi dairələr sözdə millətçiliyi pisləsələr də, onun faşist formasına qarşı belə ciddi mübarizə aparmırlar. Hətta gizli olaraq onları müdafiə edirlər. Qətl törədən adamlara çox yüngül cəzalar verirlər. Bununla da millətçilər (daha doğrusu, onların faşist qanadı) Rusiyada qeyri-rusları qorxu altında saxlayır, onları cəmiyyətin alt qatına sıxışdırırlar. Bəs bundan kimlər qazanırğ Maraqlı sual bundan ibarətdir. Ekspertlərin təhlillərinə görə, burada bir neçə məqamı nəzərə almaq lazım gəlir. Birincisi, Rusiyada ölüb-getməkdə olan vətənpərvərliyi müəyyən formada da olsa, bərpa etməyə çalışırlar. Radikalların hər bir sərt hərəkəti cəmiyyətdə rus millətinə qarşı müəyyən münasibət yaradır. Təbiətən düşünmədən hərəkət etməyi xoşlayan ruslar bu kimi təsirlər altında öz millətinə isti münasibətdə olurlar. Sosioloji sorğular göstərir ki, ruslar despota, radikal idarəetməyə, sərt rəhbərə rəğbət bəsləyirlər. Bunu son olaraq keçirilən sorğu bir daha sübut edib. Rusların əksəriyyəti 20-ci əsrdə Rusiyanın ən yaxşı başçıları sırasında Stalini daha çox göstəriblər. Onlar Boris Yeltsini və Vladimir Putini də sərtliklərinə görə sevdiklərini ifadə ediblər. Qorbaçovu isə "Rusiyanı satdığı"na görə lənətləyirlər. Buradan aydın görünür ki, orta rus psixologiyası hələ də zora və radikallığa meyllidir. Skinherlər (dazbaşlar) qeyri-rusları qətlə yetirəndə bir çox rus Vətənin hələ var olduğunu və onu müdafiə edənlərin də yoxa çıxmadığını təsəvvür edir. İkincisi, radikal milliyyətçilik gəlmələrə "yerini göstərir". Yəni Rusiya cəmiyyətinin elitar hissəsinə onların qalxmasını əngəlləyir. Qeyri-ruslar özlərini hüquqları təmin edilən insanlar kimi yox, ruslardan sonra gələn işçilər kimi hiss etməlidirlər. Qeyri-rus çalışmalı, ancaq rus varlanmalıdır. Üçüncüsü, Rusiyada radikal milliyyətçilikdən siyasətdə istifadə edirlər. Son vaxtlar Qərbin Rusiyaya təsirləri çoxalıb. Ukrayna və Gürcüstan da NATO-ya daxil olmağa hazırlaşırlar. Rus milliyyətçiliyini qızışdırmaqla bu məsələlərdə cəmiyyətin dəstəyini almaq istəyi ola bilər. Çünki hökumət radikal addımlar atanda demokratik ruhlu kəsim onu qınaya bilər. Bunun olmaması və ya onların səsinin az çıxması üçün cəmiyyətdə radikal əhval-ruhiyyə çox olmalıdır. Bu mənada faşist ideologiya digərlərindən daha yararlıdır. Nəhayət, Rusiyada milliyyətçiliyə ölkənin dağılmasına mane ola biləcək əsas faktorlardan biri kimi baxırlar. Əgər Rusiyada olan çoxlu sayda xalqlar azadlıq istəsələr və bunun üçün ciddi mübarizəyə qalxsalar, rus milliyyətçiliyindən onlara qarşı geniş istifadə olunacaq. Ruslar da milli əsasda radikal davrana biləcəklərini nümayiş etdirəcəklər. Dövlət həmişə kəskin hərəkət edə bilməz, ona görə də asan olanı adamlarda millətçi hissləri qızışdırıb, sonra hər iki tərəfi guya məhkəməyə çəkməkdir. Sovet imperiyasının müxtəlif respublikalarında quraşdırılan oyunlar yaddan çıxmayıb. Bütün bunlar Rusiyada ictimai rəydə milliyyətçiliyin çəkisini artırmağa yönəlik işlərin görüldüyünü təsdiq edir. Bu da bir çox məqamlarda Rusiya cəmiyyətinin özünə qapanmasına səbəb ola bilər. Düşməni kənarda axtarmaq cəhdləri və meyllərinin arta biləcəyini təxmin etmək olar. Görünür, Rusiya Qərbin ona qarşı atdığı addımların qarşısını almaq üçün "immun sistemi" yaradır. Bunun ətraf məkanlara təsirinin mənfi olacağını demək olar. Postsovet məkanında milliyyətçiliyin artmasından kimsənin xeyir görəcəyini düşünmək sadəlöhvlükdür. Bu kimi işlər yalnız münaqişələrin qızışmasına və yenilərinin yaranmasına gətirib çıxara bilər. Ona görə də siyasətçilər ayılmalıdırlar. Faşizmi məğlub etmiş xalqlarda eyni hisslərin baş qaldırması ikiqat təəccüblüdür. Bunun psixoloji aspektləri üzərində düşünmək lazım gəlir. Hələlik isə Rusiya kimi böyük və zəngin mədəniyyətə sahib ölkədə radikal millətçilərin birləşməsini müşahidə etmək ağırdır. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar