SON XƏBƏRLƏR

Rusiyada yeni aksiyalar gözlənilir, Amerika və NATO Putinlə əməkdaşlığa hazırdır

2021.10.20, 07:36
Rusiyada yeni aksiyalar gözlənilir, Amerika və NATO Putinlə əməkdaşlığa hazırdır

Gunaz.tv

GünAz TV: Rusiyada müxalifət, prezident seçkisinin nəticələrinə etiraz olaraq martın 5-də keçirdiyi aksiya (yürüş) sonda amansızlıqla dağıdılıb.

Martın 5-də “Ədalətli seçki uğrunda” hərəkatının 15 min tərəfdarı Moskvanın Puşkin meydanında toplaşıb. Onlar seçkinin nəticələrinin ləğvini, baş nazir Vladimir Putinin istefa verməsini tələb ediblər. Sankt-Peterburqda keçirilən aksiya zamanı izdiham arasından “Putin oğrudur!”, “Biz geri çəklməyəcəyik!” səsləri eşidilib. Etirazçılar seçkinin Putinin lehinə saxtalaşdırıldığını bildiriblər və onun istefa etməsini tələb ediblər.

GünAz TV mətbuat mərkəzinin “Yeni müsavat”a istinadən yaydığı məlumata görə, Moskvada bir qrup fəal məhdudlaşdırılmış 1 saatlıq mitinqdən sonra dağılmaq istəməyib. Polis etiraz aksiyasını sərt şəkildə önləyib. Ən azı 200 nəfər, o cümlədən müxalif liderlər Aleksey Navalnı, Sergey Udaltsov, İlya Yaşin və Eduard Limonov tutulub. Liderlər martın 6-na keçən gecə sərbəst buraxılıblar. Navalnı və Udaltsovu inzibati məsuliyyətə cəlb olunaraq hərəsini 2000 rubl ($70) cərimə gözləyir. Yasin isə etiraz aksiyasının təşkili qaydalarını pozmaqda günahlandırılır. Onu 15 günlük həbs gözləyir. Dünən məlum olub ki, Aleksey Navalnının və Eduard Limonovun məhkəməsi martın 15-də Tver rayon (şəhər, məntəqə) məhkəməsində olacaq. Həbs edilən digər aksiyaçıların böyük əksəriyyəti də azadlığa buraxılıb.

Dünən açıqlanan digər məlumata görə, yer məsələsində Moskva meriyası (şəhrdari) ilə razılığa gələ bilməyən “Ədalətli seçki uğrunda” hərəkat martın 8-i və 9-na təyin olunmuş etiraz aksiyalarını təxirə salıb. Müxalifət növbəti etiraz aksiyasını martın 10-da keçirəcək.

Artan etirazlar fonunda Rusiya Seçki Komissiyası Dağıstanın Tarumov seçki dairəsi üzrə səsvermənin nəticələrini ləğv edib. Buna səbəb 1402 saylı seçki məntəqəsində qanun pozuntularına yol verilməsi iddiaları olub. Burada bir neçə şəxsin seçki qutularına bülletenlər (pejuheşnamə) doldurması müşahidə olunub. Görüntülər internet vasitəsilə onlayn yayımlanıb.

Rusiya Seçki Komissiyasının sədri Vladimir Çurov insidentlə bağlı açıqlama verib. Çurov bildirib ki, burada baş verənlər yerli seçki rəsmilərinin kobud səhvidir və ona görə bu dairə üzrə nəticələr dərhal ləğv edilməlidir. Müxalifət fəallarının sözlərinə görə, bu cür hallar ondan xəbər verir ki, təkcə Dağıstanda deyil, bütün Rusiya üzrə seçki saxtakarlığı baş verib.

Rusiyadakı seçkilərin yekun (nəhayi) nəticələrinin sübhəli olduğunu ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) də təsdiqləyib. Müşahidəçilərin sözlərinə görə, onların nəzarət etdiyi seçki məntəqələrinin təxminən 1/3-də səslər düzgün sayılmayıb.

NATO-nun baş katibi Anders Foq Rasmussen seçkidən sonra da Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid etdiyini deyib:

“Rusiyada seçkinin ilkin nəticələri bu ölkədəki liderliyin və siyasətin davam edəcəyinin göstəricisidir. Rusiya ilə dialoq və əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümid edirik. Rusiya ilə terrorla mübarizə ilə yanaşı, narkotik (müxəddir maddələri) və quldurluq sahələrində də əməkdaşlıq edirik”.

Dünən Bakıya rəsmi səfərə gələn Gürcüstan lideri Mixail Saakaşvili də Putinin hakimiyyətə yenidən prezident kimi qayıdışına sərt münasibət bildirib. Saakaşvili bildirib ki, Putinin prezidentliyi Rusiyanı geri salacaq və ölkə qeyri-sabitlik girdabına düşəcək. Gürcüstanın əsas tərəfdaşı olan ABŞ (Amerika Birləşmiş Ştatları)  isə seçkilərə birmənalı münasibət bildirməyib. Dövlət Departamentinin (xarici işlər nazirliyi) rəsmisi Viktoriya Nuland deyib ki, Rusiyanın yeni seçilmiş prezidenti ilə əməkdaşlığa hazırdırlar. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar