SON XƏBƏRLƏR

RUSİYADAN “NABUKKO”ya AĞIR ZƏRBƏ

2021.10.20, 07:36
RUSİYADAN “NABUKKO”ya AĞIR ZƏRBƏ

Gunaz.tv
Layihənin əsas operatoru anlaşmadan çıxır Kremllə Qərb arasındakı enerji savaşında həlledici mərhələ yaxınlaşır, Azərbaycan hakimiyyətinin tərəddüd etməyə vaxtı yoxdur Qərblə Rusiya arasında enerji savaşının yeni mərhələsi, deyəsən, ikincinin qələbəsi ilə başa çatacaq. Çünki Rusiya bir-birinin ardınca gözlənilməz təşəbbüslərlə çıxış edərək ABŞ və AB-nin irəli sürdüyü “Nabukko” qaz kəməri layihəsinin perspektivlərini ciddi şübhə altına alıb. Bundan əvvəl Avropanın qaz bazarlarında inhisarçı mövqeyi olan “Qazprom” şirkəti layihəni əngəlləmək üçün “Nabukko”nun əsas qaz təminatçılarından biri kimi nəzərdən keçirilən Azərbaycana gözlənilməz təklif verərək ölkənin bütün ixrac qazını bazar qiymətlərinə almağa hazır olduğunu bildirib. Bundan əlavə, “Qazprom” türkmən qazı üzərində də nəzarəti saxlamağa çalışır və bu yöndə intensiv diplomatiya yürüdür. Rusiyanın enerji çevrələrində sensasiya kimi qarşılanan ən son addımı isə “Nabukko”nun operatoru olan Avstriyanın dövlət neft-qaz şirkəti OMV-ni layihədən qoparması olub. “Vremya novosti” qəzetinin yazdığına görə, OMV şirkəti Rusiyanın Avropaya mavi yanacaq nəql etmək üçün əsas marşrutlarından biri olacaq “Cənubi axın” layihəsinə qoşulmağın bir addımlığındadır. Özü də adi statusda yox, təqribən 10-12 milyard dollara başa gələcək layihənin operatoru qismində. Bu barədə Sankt-Peterburqda iyulun 7-də keçirilən beynəlxalq iqtisadi forum zamanı “Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev məlumat verib. Onun sözlərinə görə, “ən qısa zamanda” Avstriya ilə OMV şirkətinin “Cənubi axın” layihəsinin koordinatoru təyin edilməsinə dair dövlətlərarası razılaşma imzalanacaq. Sənədin futbol üzrə Avropa çempionatının gedişində imzalanacağı gözlənilir. Bu çempionat zamanı Rusiya yığması Avstriyada çıxış edəcək. “Vremya novosti”nin məlumatına görə, futbola baxmaq üçün “Qazprom”dan Vyanaya tezliklə geniş tərkibli heyət yola düşəcək. Heyətə Aleksey Millerin və onun müavinlərinin də daxil olacağı bildirilir. OMV-nin Rusiyanın “Nabukko”ya alternativ olaraq irəli sürdüyü layihəyə qoşulması haqda razılaşmanın da bu zaman imzalanacağı gözlənilir. Qəzetin əldə etdiyi məlumata görə, Avstriya şirkətinin “Cənubi axın”a qoşulması haqda anlaşma çox güman ki, Sankt-Peterburq forumunun kuluarlarında əldə edilib. Həmin forum zamanı Millerlə Avstriyanın iqtisadiyyat və əmək naziri Martin Bartenşeteyn arasında planlaşdırılmayan görüş olub. Bildirilir ki, bu görüş Millerin forumdan bir neçə gün əvəl Bakıda apardığı danışıqların nəticəsidir. Məlumata görə, Millerin başçılıq etdiyi “Qazprom” nümayəndə heyətinin OMV şirkətinin qazla bağlı mürəkkəb danışıqlar apardığı Bakıya səfərindən və Rusiya şirkəti prezident İlham Əliyevə Azərbaycan qazını bazar qiymətlərinə almağı təklif edəndən sonra Avstriyadan görüş haqda təklif gəlib. Qəzet yazır ki, Rusiya-Avstriya razılaşmasının “Nabukko”ya həlledici zərbələrdən biri olacağı gözlənilir. Bildirilir ki, əslində Rusiya Avstriyanın “Cənubi axın”a qoşulmasına dair danışıqları çoxdan aparırdı. Ötən il prezident Vladimir Putinin Vyanaya səfəri zamanı bu məsələdə irəliləyiş əldə edilmişdi. Lakin bu ilin əvvəlində iş konkret müqavilə imzalamağa gələndə Avstriya ilə danışıqlar çətinə düşdü. Bundan Brüssel və Vaşinqtondan olan diplomatların Orta Asiya respublikaları və Azərbaycanla apardıqları danışıqlarda qazandıqları uğurların rolu var idi. Yəni Avstriya “Nabukko”nun reallaşacağına arxayın olmağa başlamışdı. Lakin indi Avstriya “Cənubi axın”ın daha real olduğunu başa düşməyə başlayır. Ekspertlərin qiymətləndirmələrinə görə, OMV eyni vaxtda hər iki layihədə iştirakçı ola bilməz. Buna ən azından maliyyə imkanları kifayət etməz. Beləliklə, Rusiya “Nabukko”dan əsas oyunçulardan birini də qoparmaq üzrədir. Bəs nədən Avstriya tərəfi “Cənubi axın”a qoşulmağa məhz Millerin Bakıda apardığı danışıqlardan sonra meyl göstərməyə başlayıb və hətta buna razılıq verib? Ehtimal olunur ki, Azərbaycan tərəfi “Qazprom”un təklifinə müsbət cavab verməyə meyl göstərdiyinə görə Avstriya tərəfi ləngimədən Rusiya ilə anlaşmaya getməyə çalışır. Belə görünür ki, getdikcə gərginləşən mübarizənin yekunlaşmasına elə də çox qalmayıb və proseslər yaxın aylarda konkretlik qazanacaq. Gələn ay Rusiya prezidenti Dmitri Medvedevin Bakıya, oradan isə Aşqabada və Astanaya səfəri planlaşdırılır. Bu səfərlərin marşrutundan da göründüyü kimi, əsas danışıqlar predmeti məhz qazla bağlı olacaq. Gözlənilir ki, Bakıda Medvedev “Qazprom”un təklifi ilə bağlı Azərbaycan tərəfinin mövqeyini konkret bilmək istəyəcək. Azərbaycan hakimiyyətinin bu məsələdə manevr etmək üçün vaxtı yoxdur. Proseslər sürətlə gedir və Azərbaycan öz qazını Rusiyaya satıb-satmamaq məsələsinə konkret cavab verməlidir. Bu cavab müsbət olsa, o deməkdir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu haqda deyilənləri bir kənara atmaq və “Nabukko” layihəsini reallaşdırmaq səylərinə fasilə vermək lazımdır. Çünki “Nabukko” üçün onsuz da qaz tapmaq problemdir, bu tərəfdən də Azərbaycan “Şahdəniz” yatağından hasil edilən qazı Rusiyaya satsa, deməli, kəməri doldurmaq real olmayacaq. Əgər cavab mənfi olsa - hansı ki, yerli ekspertlərin çoxu belə hesab edir - o zaman Azərbaycanın Rusiyanın cavab addımları ilə üzləşmək riski yaranacaq. Bu cavab addımları ən müxtəlif və gözlənilməz formalarda ola bilər. Məsələn, Rusiya şimalda ləzgi kartını işə salıb Azərbaycanda separatçılığın yeni dalğasını başlatmağa cəhd edə bilər. Bunun bəzi əlamətləri ötən ay müşahidə edildi. Digər addımlar Qarabağ məsələsində özünü büruzə verə bilər. Söhbət Rusiyadan getdiyinə görə başqa proqnozlaşdırılmayan hadisələrin də baş verə biləcəyi istisna deyil. Xüsusən qarşıdan prezident seçkilərinin gəldiyi bir vaxtda Azərbaycan hakimiyyəti “Qazprom”a mənfi cavab versə özünü xeyli narahat hiss edərdi. Rusiyada hesab edirlər ki, Azərbaycan enerji məsələsində onun maraqlarına zidd olan, nəinki Cənubi Qafqaz və Xəzər regonunda, eləcə də Avropadakı mövqelərini zəiflətməyə hesablanmış layihəyə dəstək verməməlidir. Əks halda, Rusiya öz maraqlarını qorumaq üçün mümkün vasitələrdən istifadə edəcək. Yeri gəlmişkən, bu məsələ Azərbaycanla NATO arasında tərəfdaşlığa da aiddir. Azərbaycan isə özünün maraqları əsasında enerji strategiyası hazırlayıb və onun əsasında hərəkət edir. Bu, enerji ehtiyatlarının alternativ marşrutlarla Qərb bazarlarına çıxarılmasıdır. İndiki halda “Nabukko”da iştirak Azərbaycan üçün yaxşı tranzit imkanları deməkdir, digər tərəfdən, hakimiyyət layihəyə dəstək verməklə ABŞ və Avropanın siyasi dəstəyini təmin edir, onların nəzərində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas oyunçulardan birinə çevrilir. “Şahdəniz” qazının hamısını Rusiyaya satmaq isə hakimiyyətin Qərb qarşısında bu sahədə götürdüyü öhdəliklərə zidd olardı. Hansı ki, son günlərədək Azərbaycan alternativ marşrutların həyata keçirilməsi istiqamətində fəal səy göstərirdi, bir neçə gün əvvəl Kiyevdə keçirilən enerji forumunda bu yöndə konkret addımlar atılmışdı. Dövlət başçısı İlham Əliyev isə öz çıxışlarında həmişə Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu haqda danışır. Əgər “Qazprom”un təklifinə razılıq verilsə, o zaman Qərblə tərəfdaşlığın mühüm aspektlərindən biri də aradan qalxardı. Bu baxımdan vəziyyət xeyli mürəkkəb və ziddiyyətlidir. Medvedev Bakıdan sonra Aşqabada gedəcək. Türkmənistanla “Qazprom” arasında uzunmüddətli qaz müqaviləsi artıq var, lakin gələn il üçün türkmən qazının hansı qiymətə alınacağı haqda danışıqlar gedir. Maraqlıdır ki, “Nabukko”ya qoşulmaq haqda vəd verən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ötən həftə “Qazprom” prezidentini Aşqabadda qəbul etmədi. Lakin “Qazprom”dan bildiriblər ki, qiymət məsələsində danışıqlar gələn ay prezident Medvedevin səfəri zamanı müzakirə olunacaq. Əgər bu məsələdə də anlaşma əldə edilsə, o zaman Türkmənistan gələn il də demək olar ki, bütün ixrac qazını “Qazprom”a satacaq. Ardınca Rusiya prezidenti Qazaxıstan rəhbərliyi ilə məsələni konkretləşdirməyə gedəcək. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar