SON XƏBƏRLƏR

Sadiq İsabəyli: Güney təşkilatları həssas durumlarda bir araya gəlməyi bacarırlar

2021.10.20, 07:36
Sadiq İsabəyli: Güney təşkilatları həssas durumlarda bir araya gəlməyi bacarırlar

Gunaz.tv

GünAz TV: Sadiq İsabəyli hesab edir ki, güney təşkilatları həssas durumlarda ortaq prinsiplər və mənfəətlər əsasında bir araya gəlmə bacarığına sahibdirlər.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) təşkilatının nümayəndəsi “Amerikanın Səsi” ilə söhbətdə İslam Respublikasına potensial alternativ kimi təqdim edilən siyasi qrupları dəyərləndirib. O, həmçinin hazırkı vəziyyətdə milli hərəkata mənsub təşkilatların tuttuğu mövqeyə dair öz düşüncələrini bəyan edib.

 

“Bir alternativ güc o zaman ortaya çıxar ki, hakimiyyətə qarşı mübarizə edən bütün qüvvələri əhatə edə bilsin” - deyə, İsabəyli bildirib. O hazırda ciddi bir alternativ hesab edilə biləcək qüvvələrin olmadığını ifadə edir.

 

Onun sözlərinə görə, “elə bir qüvvə ölkədəki ictimai-siyasi reallığı dərindən dərk edib və onu rəsmiyyətə tanımalıdır, ictimai-siyasi qruplarla münasibətlər qurmalıdır ki, alternativ olma statusunu gündəmə gətirə bilsin. İndiki şəraitdə biz belə bir alternativ görmürük.

 

Hazırda türk fəalların “mərkəziyyətçi cəbhə” kimi dəyərləndirdiyi qüvvələr arasında ən çox monarxistlər, Xalqın Mücahidləri təşkilatı və cümhuriyyətçilər İslam Respublikasının yerinə gələ biləcək rejimin mahiyyəti haqqında təkliflər irəli sürürlər.

 

Sadiq İsabəyli bu qrupların qeyri-fars icmalara baxışını tənqid edir:

“Bunlar bir tərəfdən deyirlər ki, bizim əsas məsələmiz sekulyar demokratiyadır, biz BMT-nin insan haqları bəyannaməsini qəbul edirik, insan haqları, liberal haqlar bizim üçün önəmlidir. Digər tərəfdən isə, ölkənin reallıqlarını görmürlər. Müxtəlif millətlərin, mədəniyyətlərin və dillərin varlığını belə tanımırlar. Hüquqlarını tanımırlar.”

 

Siyasi fəalın fikrincə, ictimai baza baxımından bu qruplardan heç biri digərlərinə görə gözəçarpan bir üstünlük əldə edə bilməyib.

 

Onun sözlərinə görə, “bunların arasındakı ixtilaflar heç birinin o biri üzərində üstünlük əldə etməsinə imkan vermir. Misal üçün, təbliğat fəaliyyəti və media fəaliyyətlərində Rza Pəhləvi tərəfdarlarının əlində olan imkanlar onu öndə göstərir. Digər tərəfdən biz baxırıq ki, mücahidlər iclaslar, seminarlar və konfranslar keçirməklə çalışırlar desinlər ki, biz öndəyik.”

 

Son vaxtlar İran İslam Respublikasının yerinə gələcək rejimin mahiyyəti ilə əlaqədar mübahisələrin artması ilə bərabər, Milli Hərəkata mənsub təşkilatlar və türk fəallar arasında da federal bir alternativə müsbət münasibət bildirənlərin sayı çoxalmaqdadır.

 

GAMAC idarə heyətinin üzvü konkret bir alternativin gündəmə gətirilməsi üçün hələlik tez olduğunu ifadə edir.

 

Onun dediklərinə görə, Milli Hərəkata mənsub təşkilatlar zamanı gəldiyində bir araya gəlmə bacarığına sahibdirlər.

 

“Biz keçmişdə bu təcrübəni yaşamışıq. Təşkilatlarımızda ortaq prinsiplər və ortaq çıxarlar əsasında bir araya gəlmə bacarığı vardır. Ola bilər ki, arada-sırada təşkilatlar arasında anlaşmazlıq olsun, siyasi münaqişələr olsun, ixtilaflar olsun. Amma, həssas proseslərdə bu imkan və potensial var ki, bu qruplar bir araya gələ bilsin,” deyə Sadiq İsabəyli əlavə edir.

 

Audionu izləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/sadiq-i%CC%87sab%C9%99yli-g%C3%BCney-t%C9%99%C5%9Fkilatlar%C4%B1-h%C9%99ssas-durumlarda-bir-araya-g%C9%99lm%C9%99yi-bacar%C4%B1rlar/4778166.html

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar