İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə oktyabrın 12-də jurnalistlərə açıqlamasında Amerikanın ölkə banklarına qarşı qoyduğu yeni sanksiyaların mənfi təsirindən danışıb.
Gunaz.tv
O deyib ki, Amerikanın bir neçə gün əvvəl İranın 18 bankına qoyduğu yeni sanksiyalar islam respublikasının maliyyə sisteminə ciddi ziyan vurub: “Biz isə maliyyə sistemimizə qarşı bu kimi şokların qarşısını almaq üçün aylardır ki, çalışırıq.
Hesab edirik ki, Amerika İranın bank və maliyyə sisteminə vurduğu bütün ziyanlara görə kompensasiya ödəməli olacaq. Mİllətimiz də bilsin ki, biz vurulan bütün bu ziyanları son qəpiyinə qədər Amerikadan alacağıq” -deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bəyan edib.
Sözçü, İranın maliyyə sisteminə vurulan ziyanları hansı yollarla Amerikadan alacaqlarını açıqlamayıb.
Xatırladaq ki, Amerikanın Maliyyə Nazirliyi oktyabrın 8-də bəyanat yayaraq, İranın 18 bankına qarşı sanksiya qoyduğunu bildirib.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin yeni sanksiyaların tətbiq olunması ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, Tramp hökumətinin İrana qarşı maksimim təzyiq siyasəti davam edəcək: “Nə qədər ki, İran nüvə fəaliyyətini və terrorizmə dəstəyini dayandırmayıb bu ölkəyə qarşı sanksiyaların tətbiqi davam edəcək” - deyə, Amerikanın maliyyə naziri Stiven Mnuçin bildirib.
A.M