SON XƏBƏRLƏR

Şərqi Azərbaycan əyalətində 3 ay ərzində narkotik 58 nəfərin həyatına son qoyub

2021.10.20, 07:36
Şərqi Azərbaycan əyalətində 3 ay ərzində narkotik 58 nəfərin həyatına son qoyub

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan əyalətinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri Artin Kamali əyalət ərazisində narkotik aludəçilərinin ölüm halları ilə bağlı yeni statistikanı açıqlayıb.

 

O bildirib ki, 1398-ci ilin ilk 3 ayı ərzində (aprel-iyun 2019-red.) narkotik aludəçiləri arasında 58 ölüm faktı qeydə alınıb. Ölənlər arasında 3 nəfər qadın da var.

 

Artın Kamali qeyd edib ki, ötən ilin eyni dövründə bu səbəbdən həyatını itirənlərin sayı 42 nəfər idi, cari statistika göstərir ki, 1 il ərzində “ağ ölüm” halları əyalət ərazisində daha da artıb.

 

Rəsmi həmçinin bildirib ki, cari ilin avqust ayının sonlarından sentyabr ayının sonuna qədər 8 narkoman ölüb. Halbuki, ötən ilin oxşar dövründə bu səbəbdən  cəmi 1 nəfər həyatını itirmişdi.

 

Kamali 1397-ci ildə (mart 2018-mart 2019-red.) Şərqi Azərbaycan əyalətində narkotikin 4-ü qadın olmaqla, ümumilikdə 93 nəfərin həyatına son qoyduğunu deyib.

 

Qeyd etmək lazımdır ki, ən gəlirli sahələrdən biri olan nartokit vasitələrin qanunsuz dövriyyəsi İranda çox rahat şəkildə həyata keçirilir. Tez-tez rəsmilər öz çıxışlarında bildirirlər ki, ölkə ərazisində böyük narko mafiyalar fəaliyyət göstərirlər və dövlət onlarla mübarizə aparmır.

 

Ötən ay İran Milli Məclisinin Məhkəmə Komissiyasının sözçüsü Həsən Novruzi də rəsmilərin narkotik qaçaqmalçıları ilə əlaqələrinin olduğunu vurğulamışdı:

 

“Bir müddət əvvəl ölkədə fəaliyyət göstərən ən böyük narkotik qaçaqmalçılardan biri 20 kiloqram tiryəklə birlikdə həbs edilmişdi. Lakin onun azad edilməsi üçün 300-dən artıq rəsmi müvafiq orqanlarla əlaqə saxlamışdı. Biz bəzi cavanları bir neçə qram narkotik vasitəyə görə həbs etdiyimiz halda, böyük narko tacirləri dəstəkləyənlər var”, - deyə Həsən Novruzi əlavə etmişdi.

 

Sabiq “Sepah” komandanı və hazırda Ali Məsləhət Şurasının katibi olan Möhsün Rzayi də aşağıdakı videoda bu halı etiraf edir. O bildirir ki, narkotiklərin ölkəyə qanunsuz yolla gətirildiyi sərhəd məlum olsa da, bəzi dövlət rəsmiləri bu işdə əlləri olduğuna görə onun qarşısını almırlar.

 

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar