SON XƏBƏRLƏR

Şərqi Azərbaycan: Təbriz prokuroru Əndəriyan qızıl mədəninin ətraf mühiti çirkləndirməsinə münasibət bildirib

2021.10.20, 07:36
Şərqi Azərbaycan: Təbriz prokuroru Əndəriyan qızıl mədəninin ətraf mühiti çirkləndirməsinə münasibət bildirib

Gunaz.tv

GünAz TV: Təbrizin prokuroru Şərqi Azərbaycanın Vərziğan məntəqəsində yerləşən Əndəriyan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi məsələsinə münasibət bildirib.

 

Babək Məhbub Əlilu mədənin fəaliyyəti ilə bağlı yayılan sənədli materiallar və bölgə əhalisinin ardıcıl müraciətindən sonra bu məsələyə reaksiya verib.

 

“Qanuna görə, mədənin ətraf mühitin çirkləndirməsi məsələsini Ətraf Mühitin Mühafizə Təşkilatı araşdırmalıdır. Təşkilat bundan əvvəl elan etmişdir ki, ətraf mühitin çirkləndirilməsi o həddə deyil ki, mədənin fəaliyyəti dayandırılsın. Lakin bu ciddi məsələ olduğu üçün biz həmin təşkilatdan yenidən araşdırma aparmasını tələb etmişik. Iazım gələrsə, digər elmi mərkəzlər də bu işlə məşğul ola bilər.”- deyə o bildirib.

 

İqtisadi fəaliyyətlə yanaşı insanların sağlamlığının vacib məsələ olduğunu deyən prokuror vurğulayıb ki, mədənin fəaliyyəti insanların sağlamlığı üçün hər hansı təhlükə yaradırsa, bu barədə lazımi tədbirlər alınacaq. Bu kimi ciddi məsələlərdə heç bir güzəşt edilə bilməz.

 

Babək Məhbub Əlilu prokurorluqla birlikdə Yoxlama və Təftiş Təşkilatının da bu məsələyə həssas olduğunu, hər iki orqanın araşdırmaların nəticəsini gözlədiyini diqqətə çatdırıb.

 

Xatırladaq ki, ötən günlərdə Şərqi Azərbaycanın bir qrup ətraf mühit qurumu İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq sözü gedən mədənin ətraf mühitə ziyan vurduğunu bildirib, məhkəmənin bu məsələyə müdaxilə etməsini tələb etmişdilər.

 

Mütəxəssislərin fikrinə görə, Vərziğan məntəqəsində yerləşən Əndəriyan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Bu üsulla mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf ərazilərin hava, su və torpağı təhlükəli maddə ilə çirklənmiş olur.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar