SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisi “Süngün misi” mədəninin bank hesablarının Azərbaycan şəhərlərinə intiqal edilməsi ilə bağlı xəbərdarlıq edib

2021.10.20, 07:36
Şərqi Azərbaycan valisi “Süngün misi” mədəninin bank hesablarının Azərbaycan şəhərlərinə intiqal edilməsi ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan valisi “Süngün misi” mədəninin bank hesablarının təmsil etdiyi əyalətə köçürülməsi üçün bir ay vaxt verib.

 

Məhəmmədrza Purməhəmmədi bu barədə Şərqi Azərbaycan Mədənlər Şurasının iclasında danışıb.

 

“Mədənin fəaliyyəti nəticəsində əyalətin strukturuna dəyən ziyanın təzminatı həmin mədənin gəlirindən ödənilməlidir. Bunun üçün şirkətin maliyyə dövriyyəsi və gəlir mənbəsi Şərqi Azərbaycanda qeydə alınmalıdır”- deyə o bildirib.

 

Vali xəbərdarlıq edib ki, bir ay müddətində “Süngün misi” şirkətinin bank hesabları əyalətə intiqal edilməyəcəyi təqdirdə mədən məhsulunun konsentrə şəkilində əyalətdən çıxarılmasının qarşısı alınacaq.

 

Məhəmmədrza Purməhəmmədinin sözlərinə görə, sözügedən şirkətin maliyyə dövriyyəsinin həcmi hər il 2 min 300 milyard tüməndən çoxdur.

 

Bundan əvvəl Şərqi Azərbaycanın digər məsulları, o cümlədən Vərziğanın imam cüməsi Məsud Məhdəvi, Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar və Şərqi Azərbaycanın keçmiş valisi Məcid Xudabəxş sözügedən şirkətin bank hesablarının Azərbaycan şəhərlərinə intiqal edilməsini tələb ediblər, lakin bu istiqamətdə hər hansı addım atılmayıb.

 

Azərbaycanın “Süngün Misi” Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Bu mədənin bank hesabları Tehran və Kirman şəhərlərindədir. Mədənin məhsulu isə xammal kimi İranın mərkəzi şəhərlərinə daşınır, bölgənin azərbaycanlı əhalisi sözügedən mədəndən heç bir gəlir əldə edə bilmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar