SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisi: “Süngün Misi” mədəninin maliyyə dövriyyəsinin əyalətə intiqal edilməsi ilə bağlı razılıq əldə olunub

2021.10.20, 07:36
Şərqi Azərbaycan valisi: “Süngün Misi” mədəninin maliyyə dövriyyəsinin əyalətə intiqal edilməsi ilə bağlı razılıq əldə olunub

Gunaz.tv

GünAz TV: Vərziğanın “Süngün Misi” mədəni və onunla bağlı olan şirkətlərin bank hesabları Şərqi Azərbaycan Əyalətinə intiqal edilə bilər.

 

“Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, bu barədə Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi Vərziğanda sənaye projelərinin açılışı mərasimində çıxışı zamanı məlumat verib. Vali Sənaye, Mədən və Ticarət nazirinin qatıldığı mərasimdə vurğulayıb ki, Şərqi Azərbaycan Əyaləti zəngin təbii qaynaqlara malik olduğu halda, inkişaf baxımından haqq etdiyi yerdə deyil. Bu gün bir çox mədənlə zəngin olan Vərziğanın məhrum vəziyyətdə olması böyük təəssüf doğurur.

 

“Şərqi Azərbaycan və onun bütün bölgələrini inkişaf etdirmək məqsədi ilə mədən imkanlarından maksimum istifadə olunmalıdır. “Süngün Misi” mədəni və ona bağlı olan şirkətlərin maliyyə dövriyyəsinin Şərqi Azərbaycan Əyalətinə intiqal edilməsi ilə bağlı 7 maddəlik razılıq əldə olunub. Biz qanun çərçivəsində mədənlərdən istifadə edib, əldə olunan gəliri bölgələrin inkişafına yönəldəcəyik”- deyə vali bildirib.

 

Vərziğan və Xarvananın millət vəkili Rza Əlizadə də valinin dilə gətirdiyi problemlərə işarə edib. O bildirib ki, Vərziğan təbii sərvətlərlə zəngindir, buna baxmayaraq ölkənin ən məhrum və yoxsul məntəqələri sırasındadır. Bölgədə çox az abadlıq işləri görülüb, bunlar Vərziğanı ölkənin məhrum məntəqələri siyahısından çıxarmağa yetərli deyil.

 

Vərziğanın inkişafına təkan verən infrastrukturun olmamasından şikayətlənən millət vəkili vurğulayıb ki, bu məntəqə kənd və yol infrastrukturu sahəsində hətta əyalətin orta hesabından da 50 faiz geridədir. Şübhəsiz ki, bütün bunlar Vərziğan əhalisinin hansı vəziyyətdə  yaşadığını göstərməkdədir.

 

Azərbaycanın “Süngün Misi” Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Bu mədən və ona bağlı olan şirkətlərin bank hesabları Tehran və Kirman şəhərlərindədir. Mədənin məhsulu isə xammal kimi İranın mərkəzi şəhərlərinə daşınır, bölgənin azərbaycanlı əhalisi sözügedən mədəndən heç bir gəlir əldə edə bilmir.

 

Bundan əvvəl Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi ilə yanaşı digər yerli məsullar, o cümlədən Vərziğanın imam cüməsi Məsud Məhdəvi, Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar və Şərqi Azərbaycanın keçmiş valisi Məcid Xudabəxş sözügedən şirkətin bank hesablarının Azərbaycan şəhərlərinə intiqal edilməsini tələb ediblər. Bölgə əhalisi isə mədənin bu şəraitdə fəaliyyət göstərməsinə uzun illərdir ki, etiraz bildirir. İranın yüksək rütbəli səlahiyyətli şəxsləri problemi aradan qaldırmaq üçün lazımi tədbirlərin alınacağı barədə dəfələrlə vəd verib, lakin hələlik bölgə əhalisi heç bir dəyişikliyə şahid olmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar