SON XƏBƏRLƏR

Şimali Koreyanın Amerika üzrə xüsusi nümayəndəsi edam olunub?

2021.10.20, 07:36
Şimali Koreyanın Amerika üzrə xüsusi nümayəndəsi edam olunub?

Gunaz.tv

GünAz TV: KXDR-in Amerika Birləşmiş Ştatları (ABŞ) məsələləri üzrə xüsusi nümayəndəsi Kim Xyok Çxolun və Hanoyda keçirilən sammitdə iştirak edən Xarici İşlər Nazirliyinin digər dörd vəzifəli şəxsinin mart ayında edam edildiyi iddia olunur.

 

AZƏRTAC xəbər verir ki, “Chosun Ilbo” qəzetinin adının çəkilməsini istəməyən mənbəyə istinadla yaydığı məlumata görə, diplomatlar KXDR lideri Kim Çen In və Amerika Prezidenti Donald Tramp arasında ikinci sammitin uğursuz nəticələnməsi səbəbindən güllələnib. Onların hamısı casusluqda ittiham olunub. Həmçinin daha bir yüksək vəzifəli məmur - Kim Çen Inın kiçik bacısı, KXDR Əmək partiyasının təbliğat və təşviqat şöbəsinin birinci müavini Kim Yo Çjon ev dustağı edilib. O, qardaşını Hanoy səfərində müşayiət etmişdi.

 

Koreya Respublikasının Birləşmə Nazirliyi hələlik məlumatı təsdiqləməyib. “Hazırda bu barədə informasiyaya malik deyilik, Şimali Koreyanın rəsmi mətbuat orqanlarında Kim Xyok Çxolun güllələnməsi barədə məlumat verilməyib”, - deyə qurumdan TASS agentliyinə bildiriblər.

 

Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin yekunlarına əsasən birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

 

2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməyib. Pxenyan və Vaşinqton birgə sənəd imzalamaqdan imtina etsələr də, dialoqu davam etdirmək barədə razılığa gəliblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar