SON XƏBƏRLƏR

Sinan Oğan: "Tunisdən əsən inqilab küləyi İranın qapılarını döyəcək"

2021.10.20, 07:36
Sinan Oğan: "Tunisdən əsən inqilab küləyi İranın qapılarını döyəcək"

Gunaz.tv

GünAzTv: Tunisdən əsən inqilab küləyi Misirdə sürətləndikdən sonra İranın qapılarını döyəcək. Bu səbəbdən də İranın bu prosesin xaricində qalacağı düşünülməməlidir.

Misirdə vəziyyət gərgin olaraq qalır. Ölkədə 6 gün ərzində ölənlərin sayı 150 nəfərə çatıb. 1100-dən çox yaralanan var. Qahirənin mərkəzindəki Tarxir meydanına minlərlə insan toplaşıb. İsgəndəriyyə və Süveyş şəhərlərində də analoji vəziyyət hökm sürür.

Bu şəhərlərdə zirehli texnika və hərbçilər mühüm əhəmiyyətli obyektlərin (mühüm məkanlar) keşiyini çəkir. Hərbçilər də xalqın tərəfinə keçib, iğtişaşlarda ölənlər isə yalnız polislə toqquşma zamanı həlak olub.

Misir xalqı kəşfiyyat xidmətinin rəhbəri Omar Süleymanın vitse-prezident (prezident müavini) təyin edilməsindən də razı qalmadığını bildirir. TÜKSAM-ın başqanı Sinan Oğandan “Xalq Cəbhəsi” qəzeti redaksiyasına daxil olan məlumatda deyilir ki, bu gün Misirdəki proses bir domino effektinin (təsirinin) nəticəsidir: "Ancaq bu domino təsirinin bütün Şimali Afrikaya və Yaxın Şərqə yayılması əsl Misirdəki qiyamın inqilaba çevrilməsi vəziyyətində yaşanacaq. Bu səbəblə Misir son dərəcə əhəmiyyətlidir. Misirdə Mübarək rejiminin artıq sonu gəlib. Bu aksiyaların (yürüşlərin)  nəticəsində olmasa belə, bu ilin sentyabr ayında keçiriləcək seçkilərə qədər Hüsnü Mübarəkin iqtidardan uzaqlaşdırılacağı fakt idi.

30 il hakimiyyətdə olan Hüsnü Mübarək Misiri fövqəladə hal qanunlarıyla idarə edir. Bu müddətdə Misir baş qərargah rəisi general-leytenant Sami Enanın başçılığı ilə nümayəndə heyətinin ABŞ-da (Amerika Birləşmiş Ştatları) olması bir təsadüfdürmü? Belə əhəmiyyətli hadisələrdə təsadüflərə inanmaq lazım deyil. Enanın bir həftəlik planlaşdırılan səfərini hadisələr üzündən yarımçıq kəsərək ölkəsinə dönməsindən sonra ordunun ümumi mövqeyinin necə olacağını müşahidə etmək lazımdır. Son məlumatlara görə, yalnız qərargah başçısı deyil, eyni zamanda, Misirin müdafiə naziri marşal Hüseyn Tantavinin də ABŞ-da olduğu ortaya çıxıb". Sinan Oğan onu da dedi ki, Misirdəki nümayişlərdə əhəmiyyətli olan digər nöqtə göstərici-əsgər əlaqəsidir. Çünki Misirdə polis Mübarək rejiminin əmrində olduğu, rejimi qorumaq üçün sərt tədbirlərə əl atmaqdan çəkinmədiyi və polisə nisbətən əsgərin daha obyektiv və nümayişlərə qarşı mövqeyinin də daha yumşaq olduğu görünür: "Bu səbəblə də nümayişçilər polisin çəkilməsi və əsgərlərin dövrəyə girməsini istəyib. İndi Misir küçələri böyük nisbətdə ordu qüvvələrinə təslim edilib. Digər tərəfdən nümayişlərin yatırılması üçün güzəştlərin yüksək olduğunu söyləyə bilərik. Tunis təcrübəsi də bizə göstərdi ki, diktatorlar bir dəfə güzəştə getməyə başladılarsa, bu artıq nümayişçilərin qazancına çevrilən prosesdir. Çünki Tunisdə Zeynel Abidin Bin Əli vəziyyət gərginləşdiyində iki köməkçisini və bir də daxili işlər nazirini qurban verərək xilas olmağa çalışdı, bu hərəkəti isə diktatorun iqtidarının çökməsinə səbəb oldu. Burada Misir prezidenti Hüsnü Mübarəkin güzəşt mövzusundakı rəftarı əhəmiyyətlidir".

TÜRKSAM rəhbəri bu bölgədə bir ABŞ - Fransa rəqabətinin olduğunu da bildirdi. Onun fikrincə, ABŞ-ın bu son hücumu Fransanın Afrikadan silinməsi mənasını verir: "İkinci əhəmiyyətli məsələ budur ki, bir çox şərhçi bu qiyamları həddindən artıq radikal ünsürlərlə bağlayırlar. Bu isə ABŞ və Qərbin mənfəətinə xidmət edir. Bu fikir ilk baxışda doğru kimi gəlir. Hətta bunun belə olması ehtimalı da yüksəkdir. Ancaq unudulmamalıdır ki, ABŞ və Qərb bu gün prosesə müdaxilə edərək onu istiqamətləndirir. Misirdə Müsəlman Qardaşlar təşkilatı kimi radikal dinçi partiyalar bu gün olmasa belə, bir müddət sonra hakimiyyətə çox qanlı daxili qarşıdurmalar nəticəsində gələcək. Çünki ölkədəki təzyiq bu məsələni hər keçən gün böyüdür. Bu isə nə ABŞ və Qərbin, nə də İsrailin işinə yaramır. Məhz buna görə də qiyamları Qərb dəstəkləyir və idarə olunur". Sinan Oğan üçüncü ölçüdə bu qiyamları domino təsirinin Misirdən sonra şiddətlənməsi və İrana qədər uzadılması planının olduğunu dedi: "İranın nüvə fəaliyyətini Qərb ilə koordinasiya etməməsi və sanksiyaların da istənilən nəticəni verməməsi İranda bir rejim dəyişikliyini Qərb üçün qaçınılmaz məsələyə çevirir. Tunisdən əsən inqilab küləyi Misirdə sürətləndikdən sonra İranın qapılarını döyəcək. Bu səbəbdən də İranın bu prosesin xaricində qalacağı düşünülməməlidir". Sinan Oğanın fikrincə, Tunisdəki kimi Misirdə də qiyamın arxasında ABŞ-ın olduğu aydındır: "Obama vəziyyətdən narahat olduğunu bildirdi və hər iki tərəfi sülhə dəvət etdi. Obama bir tərəfdən Misirin bəzi sosial şəraitdə islahata getməsinin vacibliyini dedi, digər tərəfdən də iqtidar dəyişikliyi ehtimalını da açıqladı. Ancaq o, eyni zamanda, Misirdəki vəziyyəti qiymətləndirmək üzrə milli təhlükəsizliklə əlaqədar məsləhətçiləri ilə bir yığıncaq keçirdi. Orada etirazçılara dəstək ifadə olundu".

Onu da bildirək ki, Almaniya kansleri (Sədr Əzəm) Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Nikolya Sarkozi birgə bəyanatla çıxış ediblər. Onlar Hüsnü Mübarəki silahlı nümayşçilərə qarşı güc tətbiqini dayandırmağa, azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yaratmaq üzərində işləməyə çağırıblar.

Son məlumatlarda isə deyilir ki, minlərlə məhkum Misirdəki iğtişaşlardan yararlanaraq, həbsxanalardan qaçıb. Ölkənin bir neçə şəhərindəki həbsxanaları 5000-ə yaxın məhkumun tərk etdiyi bildirilir. Həbsxanalardan birindəki qiyam zamanı təhlükəsizlik xidmətinin rəisi öldürülüb.

Misir ordusu isə təhlükəsizlik məqsədilə ölkənin iki iri şəhəri - Qahirə və İsgəndəriyyə arasındakı avtomobil yolunu bağlayıb. Cinayətkarların azadlıqda qalması ölkədəki kriminogen vəziyyətin daha da çətinləşəcəyindən xəbər verir.

Paytaxtda həbsxanadan qaçmaq istəyən 8 məhkum isə öldürülüb. Misirin Müdafiə Nazirliyi bəyan edib ki, yaşayış rayonlarının soyğunçular və digər cinayətkarlardan qorunması üçün müxtəlif şəhərlərə əlavə qoşun hissələri göndəriləcək. Misir ordusunun nümayəndəsi televiziya ilə çıxışında ölkə vətəndaşlarından komendant saatına əməl etməyi istəyib. Qahirə, İsgəndəriyyə və Süveyşdə saat 16.00-dan səhər 08.00-adək komendant saatı (Hökumət nizami) elan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar