SON XƏBƏRLƏR

Şirin Ebadidən BMT-nin İnsan Hüquqları üzrə xüsusi məruzəçisinə: İranda həbs edilmiş işçilərin azad edilməsi istiqamətində addım atın!

2021.10.20, 07:36
Şirin Ebadidən BMT-nin İnsan Hüquqları üzrə xüsusi məruzəçisinə: İranda həbs edilmiş işçilərin azad edilməsi istiqamətində addım atın!

Gunaz.tv

GünAz TV: İranlı hüquq müdafiəçisi, 2003-cü il Nobel Sülh mükafatı laureatı Şirin Ebadi BMT-nin İnsan Hüquqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmana göndərdiyi məktubda ondan İranda həbs edilmiş işçilərin azadlığa buraxılması istiqamətində mümkün olan bütün addımları atmasını istəyib.

 

Bu məktubun nüsxələri BMT-nin işgəncə və sərbəst toplaşmaq azadlığı üzrə xüsusi məruzəçilərinə, eləcə də qanunsuz həbslər üzrə işçi qrupunun rəhbəri və Beynəlxalq Əmək Təşkilatına göndərilib.

 

Məktubda təqribən bir aydır ki, öz gecikmiş əmək haqlarını tələb etmək üçün dinc nümayiş keçirən Həft-Təpə şəkərqamışı zavodunun bir çox əməkdaşının İran rejimi tərəfindən qanunsuz olaraq həbs edildiyi bir daha diqqətə çatdırılıb. Eləcə də İran təhlükəsizlik qüvvələrinin etirazçıları küçələrdə və evlərində həbs etməsi, onlara qarşı amansız işgəncələr verməsi də məktubda yer alıb.

 

Xatırladaq ki, İranın Həft-Təpə bölgəsində yerləşən şəkərqamışı istehsalı ilə məşğul olan zavodun əməkdaşları öz əmək haqlarının ala bilmədikləri üçün təqribən 1 aydır ki, dinc etiraz aksiyaları keçirirlər. Lakin İran polisi dinc etirazçıların bir çoxunu həbs edərək, onlara işgəncə verdiyi barədə məlumatlar yayılıb. Bu məlumatlara əsasən, İsmayıl Bəxşi və Sepidə Qəliyan adlı şəxslərin İran polisi tərəfindən ağır psixoloji və fiziki işgəncəyə məruz qalıblar və təcili tibbi müalicəyə ehtiyac duyurlar.

 

Şirin Ebadi öz məktubunda həmçinin qeyd edilmiş şəxslərdən və təşkilatlardan İran polisinin dinc etirazçılara qarşı amansız davranışı bir daha diqqətə çatdırmış, həbs edilmiş işçilərin azadlığa buraxılması və tibbi müayinədən keçirilməsi üçün mümkün olan bütün variantlara əl atmağı istəyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar