SON XƏBƏRLƏR

Siyamək Mirzayi aclıq aksiyasını dayandırıb, o zindanın 8-ci korpusuna köçürülüb

2021.10.20, 07:36
Siyamək Mirzayi aclıq aksiyasını dayandırıb, o zindanın 8-ci korpusuna köçürülüb

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında hüquqlarının təmin edilməsi tələbi ilə aclıq edən güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi yeni ittihamla bağlı mülki vəsiqə qarşılığında azadlığa buraxılacağına razılıq verildikdən sonra aksiyasını dayandırıb, o sonra zindanın 8-ci korpusuna köçürülüb.

 

İyulun 1-də aclığa başlayan fəal iyulun 17-də aksiyaya son qoyub.

 

Məlumata görə, Evin Zindanı Məhməkəsinin 6-cı Şöbəsindən fəalın ailəsi ilə telefon əlaqəsi saxlayaraq onlardan mülki vəsiqəni təmin etmək məqsədi ilə iyulun 20-də şöbəyə müraciət etmələri tələb olunub.

 

Siyamək Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış Evin Zindanı Məhkəməsinin 6-cı şöbəsində mühakimə olunub. Bundan sonra “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşən fəal zindanın 209-cu korpusuna intiqal edilmişdir.

Məhkəmə azərbaycanlı fəala qarşı irəli sürdüyü “sistemin əleyhinə təbliğat aparma” ittihamının “sübutlar”ı kimi, onun həbsxanadan Abbas Lisani və digər fəallarla telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsini göstərib.

Fəal barəsində quraşdırılan yeni dosye ilə əlaqədar azadlığa buraxılmamasına etiraz olaraq iyulun 1-dən aclıq aksiyası keçirirdi.

 

Siyamək Mirzayi 2016-cı il iyunun 13-də Ərdəbilə yaxın Parsabad şəhərində tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Azərbaycanlı fəal həbs müddətində 3 dəfə aclıq aksiyası keçirib. Birinci dəfə dosyesi ilə bağlı hüquqlarının təmin edilməsi tələbi ilə aclıq edən fəal sonra vətəndaş hüququnun pozulmasına etiraz olaraq aksiya keçirib. O həmçinin Beynəlxalq Ana Dili Günündə ölkədə ana dilində təhsilin olmamasına etiraz olaraq bir neçə azərbaycanlı siyasi məhbusla birlikdə aclıq aksiyası keçirmişdir.

 

Azərbaycanlı şair və yazıçı Siyamək Mirzayi bundan əvvəl də Güney Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin yüksək lisans səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar