SON XƏBƏRLƏR

Sülh, yoxsa müharibə?....ABŞ-IRAN QARŞIDURMASI NƏYLƏ YEKUNLAŞACAQ... .MÜSAHİBƏ

2021.10.20, 07:36
Sülh, yoxsa müharibə?....ABŞ-IRAN QARŞIDURMASI NƏYLƏ YEKUNLAŞACAQ... .MÜSAHİBƏ

Gunaz.tv
Sülh, yoxsa müharibə? atom-merkezi.jpg Vəfa Quluzadə: «Amerika heç zaman Irana qoşun yürütməyəcək, amma bu ölkəyə qarşı hava zərbələrinin endirilməsi realdır» Hikmət Hacızadə: «Buşun Iranla bağlı bəyanatları psixoloji xarakter daşısa da, Amerika problemin hərbi yolla həllini hələ istisna etmir» Iranın nüvə proqramı ətrafındakı Vaşınqton-Tehran qarşıdurması yenidən qızışmaqdadır. Irana qarşı yaxın zamanlarda sərt sanksiyaların tətbiq olunacağı daha tez-tez gündəmə gəlməkdədir. Eyni zamanda ABŞ-ın Irana qarşı hərbi əməliyyatlara başlama ehtimallarıyla bağlı da müxtəlif fikirlər səslənməkdədir. Demək olar ki, prezidentliyinin ilk günlərindən Iranın nüvə layihəsini gündəmə gətirən Corc Buşun bir sıra son addımları da birmənalı qiymətləndirilmir. Qərb mətbuatı belə hesab edir ki, ABŞ prezidenti Corc Buş və vitse-prezident Dik Çeyni səlahiyyətlərinin bitiminə kimi Iranla olan problemi həll etmək istəyir. Mövzuyla bağlı suallarımızı politoloqlar - Vəfa Quluzadə və Hikmət Hacızadəyə ünvanladıq. “BTC Tehranın hədəfinə çevrilə bilər” V.Quluzadə: - ABŞ artıq uzun müddətdir ki, Irana qarşı psixoloji müharibə aparır. Hazırda da Irana münasibətdə səslənən bir sıra fikirləri mən məhz bu cür qiymətləndirməyin tərəfdarıyam. O da nəzərə alınmalıdır ki, hazırda Iran ona qarşı tətbiq olunan bir sıra sanksiyalardan çox ciddi əziyyət çəkir. Və ABŞ administrasiyasının Iran rəhbərliyinə qarşı yönəlik bir sıra siyasi addımları situasiyanı bir qədər də qəlizləşdirməyə xidmət edir. Iran cəmiyyətinə qarşı yönəlik psixoloji hücum bir neçə məqsəd daşıya bilər. Təbii ki, onlardan biri Iran toplumunu daxildən parçalamaqdır. Amma eyni zamanda o da nəzərə alınmalıdır ki, ABŞ Iraqa hərbi zərbə endirməmişdən öncə bu məsələ ətrafında çox düşündü. Və Amerikanın Irana qarşı da bu cür addım atacağı istisna deyil. Lakin o da şübhəsizdir ki, ABŞ Iraqa qarşı etdiklərini tam şəkildə Irana edə bilməz. Amerika heç zaman Irana qoşun yeritməyəcək. Amma Amerika hava zərbələri ilə Iranın infrastrukturunu dağıda bilər. ABŞ bunu bir neçə savaşda artıq sınaqdan çıxarıb. Lakin bu vasitə də düşməni tam çökdürməyə bəs etmir. Çünki Amerika yalnız hava zərbələriylə Iranın bütün infrastrukturunu, müqavimət qüvvəsini dağıda bilməyəcək. Amma ilk zərbələrdən sonra Iran özünü Amerika ilə müharibədə hiss edəcək və bundan sonra Amerikanın regiondakı maraqları üçün ciddi təhlükə yarana bilər. Nəticədə fars körfəzindəki, Xəzər dənizindəki bir çox obyektlər, BTC belə Tehranın hədəfinə çevrilə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Iranın potensialı Iraqınkından genişdir. Və Iranın sahib olduğu raketlər sistemi də regionda yerləşən və birbaşa Amerika ilə bağlılığı olan bütün obyektlərə zərbə endirə bilər. Ona görə situasiya olduqca ciddidir və ABŞ Irana qarşı hər hansı radikal addım atmamışdan öncə bunun nəticələrini gözünün qarşısına gətirməlidir. H.Hacızadə: - Həqiqətən də prezident Corc Buşun səlahiyyətlərinin sonuna qədər Iranla bağlı problemi həll etməyə çalışacağı barədə fikirlər dolaşır. Amma bu həll mütləq deyil ki, müharibə yoluyla olacaq. Irana qarşı yeni sanksiyaların tətbiqi, təzyiq formalarından istifadə oluna bilər. Amma hazırda dünyada cərəyan edən digər proseslərə də diqqət yetirilməlidir. Bu yaxınlarda Şimali Koreya öz nüvə reaktorunun soyuducu sistemini jurnalistlərin gözü önündə məhv etdi. Yəni ABŞ-la Şimali Koreya arasında uzun müddət gərginlik olsa da, bu gərginliyi danışıqlar yoluyla aradan qaldırmaq mümkün oldu. Bu baxımdan Qərb ümid edir ki, Iranla da olan problemi danışıqlar və ya təzyiq yoluyla həll etməyə nəsib olacaq. Son zamanlar Buşun Iranla bağlı bəyanatlarına gəlincə isə bu daha çox psixoloji xarakter daşısa da, Amerika problemin hərbi yolla həllini istisna etmir. “ABŞ Iranda daxili sabitliyi pozmaq istəyir” - Qərb mətbuatının yazdığına görə, bu yaxınlarda ABŞ Konqresi prezident Buşun xahişiylə Iranda kəşfiyyat əməliyyatlarına 400 milyon dollar ayırıb. Sizcə, bu nəyin görsənişidir? V.Quluzadə: - Əslində ABŞ-ın bu addımı gözlənilən idi. Məsələn, Azərbaycanla bağlı bir neçə məqama nəzər salaq. Amma bu addımı müharibənin başlanğıcı kimi qiymətləndirmək olmaz. Azərbaycan müstəqillik qazanan gündən ölkəmizdə xeyli diversiya əməliyyatı olub. Metro partlayışını, müxtəlif dövlət çevrilişlərini, sərhədlərin bağlanmasıyla bağlı müxtəlif qərarları buna misal olaraq göstərmək olar. Bütün bu əməliyyatların müəllifi Rusiyadır. H.Hacızadə: - Amerikanın bu addımı diqqətdən qaçmamalıdır. Çünki adətən bu tipli addımlar hər hansı bir ciddi kampaniyaya hazırlıq kimi dəyərləndirilir. Konqresin bu məbləğdə vəsaiti ayırması Iranın nüvə proqramını dayandırması istiqamətində ABŞ-ın növbəti bir xəbərdarlığıdır. Və belə görünür ki, Amerika Iranla bu qarşıdurmasında sona qədər getməyə hazırdır. - Verilən məlumatlara görə, hazırda ABŞ-ın əsas hədəfi Iranda daxili sabitliyi pozmağa yönəlib. Necə düşünürsünüz Iranda hazırda belə bir addımın atılması üçün zəmin varmı? V.Quluzadə: - Avtoritar rejimin olduğu dövlətdə çevriliş etmək olduqca müşkül məsələdir. Tarixdə bu istiqamətdə kifayət qədər faktlar var. SSRI 70 il ömür sürdü. Stalinin rejimi ömrünün sonuna qədər sərtliyini qoruyub saxladı. Kommunist rejimi özü-özünü çökürtdü. Amma Irandakı vəziyyət təbii ki, Sovet Ittifaqından fərqlidir. Sovet imperiyası nüvə silahına malik, müxtəlif xalqları itaəti altına almış nəhəng bir imperiya idi. Iran da hazırda nüvə silahına sahib olmağa çalışır. Amerika Iranın nüvə silahına sahib olmasını bütün dünyaya faciə kimi təqdim edir. Və Amerikada Iranın nüvə proyektini dayandırmaq üçün ona zərbə endirə bilər. Amma bunun nəticəsi nə olacaq? Əsas sual doğuran məsələ məhz budur. H.Hacızadə: - Iranın daxilində hazırda hakimiyyətdə olan rejimdən böyük narazılıq var. Eyni zamanda nəzərə almaq lazımdır ki, Irandan xaricdə də molla rejiminin əleyhinə olan diaspora fəaliyyət göstərir. ABŞ-ın bütün bu vasitələrdən istifadə edəcəyi gözləniləndir. Eyni zamanda Iranda milli zəmində də vəziyyət ürəkaçan deyil. Bu baxımdan Iranın daxilində vəziyyəti qarışdırmaq və yaranan yeni situasiyadan hakimiyyəti devirmək üçün istifadə etmək tamamilə mümkündür və bunun üçün zəmin var. Amma o da şübhə doğurmur ki, ABŞ bütün bu məsələləri tam öyrənməmiş, Irana yönəlik ciddi addım atmayacaq. “Iranın dünya həqiqətlərini qəbul etməməsi toqquşmaya aparır” - Öz növbəsində Iran rəhbərliyi də ABŞ-ın bu addımlarını cavabsız buraxmır. Iran Silahlı Qüvvələrinin rəhbərliyi ehtimal olunan müharibədə düşmən əsgərlərini dəfn etmək üçün 320 min məzar qazmağa qərar verib. Bu addımı necə qiymətləndirmək olar? V.Quluzadə: - Əslində Iranın bu addımını yalnız bir cür izah etmək olar. Bu daha çox psixoloji addımdır və bir növ Iranın tutduğu yoldan dönmək fikrində olmadığını nümayiş etdirir. Yəni Iran ona qarşı Amerikanın yürütdüyü psixoloji siyasətə bununla cavab vermək istəyir. H.Hacızadə: - Bu psixoloji müharibənin təzahürüdür. Iran öz potensialı çərçivəsində ABŞ-la ideoloji müstəvidə savaş aparmağa çalışır. Və bu tamamilə normal haldır. - Sizcə, Iranla-ABŞ arasında uzun müddətdir gedən bu əsəb müharibəsinin sonu necə olacaq? Qarşıdurma hərbi əməliyyatların başlanmasıyla, yoxsa sülhlə bitəcək? V.Quluzadə: - Düşünürəm ki, ABŞ-Iran qarşıdurmasının yekunlaşması üçün Tehran tutduğu yoldan əl çəkməlidir. Məsələni qəlizləşdirən cəhət də budur. Iran özünün nüvə proyektlərindən əl çəkmək istəmir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, ABŞ-la Iran bir-birinə zidd paralel aləmlərdə yaşayırlar. Bir-birindən köklü surətdə fərqlənən sivilizasiyaların qarşıdurması isə həmişə gərginliyi ilə yadda qalır. Bu anlaşmazlıq isə çox təəssüf ki, bir çox hallarda toqquşmanı qaçılmaz edir. Amerika Iranın həqiqətlərini anlamır və anlamaq istəmir. Iran da Amerikanın və müasir dünyanın bir çox həqiqətlərini qəbul etmək istəmir. Bu isə heç şübhəsiz toqquşmaya aparıb çıxaracaq. H.Hacızadə: - Bu əsəb müharibəsinin sonunu mən Iranın müxtəlif yollarla nüvə layihəsini dayandırmağa məcbur edilməsində görürəm. Iranın nüvə layihəsini dayandırması sülh yolu ilə də ola bilər, hərbi yolla da. Çünki hazırda Iranın vəziyyəti olduqca qəlizdir. - Bəzi ekspertlərin fikrincə, ABŞ-da qarşıdan gələn prezident seçkisindən sonra Irana olan münasibət dəyişəcək. Bu nə dərəcədə realdır? V.Quluzadə: - ABŞ-Iran münasibətləri Klintonun vaxtında da çox gərgin idi. Buşun dövründə isə pik həddinə çatdı. Düşünmürəm ki, ABŞ-dakı prezident seçkisindən sonra bu dövlətin Irana qarşı münasibəti dəyişsin. Bu münasibət, yenə də deyirəm, Iranın nüvə proqramından əl çəkməsindən sonra dəyişə bilər. H.Hacızadə: - Inanmıram ki, ABŞ-dakı seçkidən sonra Tehrana yönəlik fərqli siyasət yürüdülsün. Düzdür, Obama bəyan edir ki, o hakimiyyətə gələcəyi təqdirdə Iranla danışıqlara başlayacaq. Bu çıxış yolu deyil. Buş da səkkiz ildir ki, Iranla danışıqlar aparır. Yeni hakimiyyətin də danışıqlarının başqa cür nəticələnəcəyinə heç kim zəmanət vermir. Xəyal Şahinoğlu azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar