SON XƏBƏRLƏR

Suriyada hökumət əleyhinə üsyan paytaxta çatdı

2021.10.20, 07:36
Suriyada hökumət əleyhinə üsyan paytaxta çatdı

Gunaz.tv

GünAz TV: Ərəb ölkələrinin Suriya ilə bağlı hesabatı isə BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına təqdim olundu.

 Suriyada Bəşər Əsəd rejiminin islahat və azadlıq tələb edənlərə qarşı qətliamı davam edir. Yanvarın (January) 27-də ölkənin müxtəlif yerlərində keçirilən ənənəvi cümə etirazlarına hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. Yerli hüquq-müdafiəçilərinin sözlərinə görə, Əsədə sadiq əsgərlərlə müxalifətin tərəfinə keçmiş  hərbçilər arasında baş verən qarşıdurma Homs şəhərində və ətraf qəsəbələrdə qeydə alınıb. Dünyasını dəyişən vətəndaşlar arasında uşaqlar, qadınlar da olub. Nova əyalətində toqquşmalar zamanı dünyasını dəyişən yerli sakinin dəfni zamanı isə hərbçilərin açdığı atəş nəticəsində 11 nəfər ölüb.

Suriyanın paytaxtı Dəməşqdə də partlayışlar baş verib. Bu səbəbdən bir çoxları ölkədəki üsyanın paytaxta çatdığını düşünür. “CNN”in xəbərinə görə, paytaxtın müxtəlif hissələrində baş verən partlayışlarda 4 nəfər ölüb, onlardan biri 11 yaşlı uşaq olub.

Ölkənin təhlükəsizlik qüvvələri paytaxtdakı məhəllələri mühasirəyə alıb. Suriyada 1 ildir davam edən iğtişaşlara baxmayaraq, nisbətən sakit görünən, ölkənin ikinci ən böyük şəhəri olan Hələbdə də partlayışlar baş verib və insanlar həlak olub.

Müşahidəçilərin fikrincə, Bəşər Əsəd rejimi artıq ölkənin bəzi şəhərlərinə nəzarət edə bilmir. Suriya ordusundan qaçıb üsyançılara qoşulan əsgərlər isə qəhrəman kimi qarşılanırlar.

Bu arada, Türkiyənin Bəşər Əsədə qarşı çıxmasının səbəbinin Suriya diktatorunun dini məzhəbiylə bağlı olduğuna dair iddiaların yalan olduğunu deyən xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Ankara Sünni Səddam Hüseynə nə üçün qarşı çıxdısa, ələvi Bəşər Əsədə qarşı olmasının səbəbi də eynidir: “Bəşər Əsədlə bir yol getməyə çalışdıq. Aylarla səy göstərdik. Ancaq səylərimiz nəticə vermədi. Bu şəkildə xalqına zülm edən bir liderin gücünü qoruması və davam etdirməsi mümkün deyil”.

Ötən gün gecə saatlarında BMT Təhlükəsizlik Şurasının Suriyadakı hadisələrlə bağlı toplantısı keçirilib. Toplantıda Ərəb Ölkələri Liqasının (Birliyinin) Suriya ilə bağlı hesabatını dəstəkləyən layihə BMT Təhlükəsizlik Şurasına təqdim olunub. Təhlükəsizlik Şurasının müvəqqəti və yeganə ərəb üzvü olan Mərakeşin BMT-dəki nümayəndəsi Məhəmməd Luliçki bildirib ki, Şuranın altı üzvünə Suriya ilə bağlı hesabat təqdim olunub. Diplomat gələn həftə Təhlükəsizlik Şurasının daimi üzvlərinin də layihəni müzakirə edəcəyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar