SON XƏBƏRLƏR

Təbriz Azad Universitetinin öyrəncilərindən tələb: “Türk dili tədris edilsin” – VİDEO

2021.10.20, 07:36
Təbriz Azad Universitetinin öyrəncilərindən tələb: “Türk dili tədris edilsin” – VİDEO

Gunaz.tv

GünAz TV: Təbriz Azad Universitetində keçirilən azad tribuna tədbirində azərbaycanlı öyrəncilər universitetdə türk dili və ədəbiyyatı ixtisasının yaradılması və türk dilinin tədris edilməsini tələb ediblər.

 

“Universitetin təhsil problemləri” mövzusunda keçirilən tədbir mayın 20-də Azad Universitetində baş tutub.

 

Tədbirdə azərbaycanlı öyrəncilər İranın təhsil sistemində olan ayrı-seçkilik halları və müxtəlif problemlərdən danışıblar.

 

“Seçkilər zamanı namizədlər məktəb və universitetlərdə ana dilinin tədris olunacağı barədə vəd verirlər, lakin bu vəd yalnız bir neçə universitetdə yerinə yetirilib. Biz Təbriz Azad Universitetində də türk dilinin tədris olunmasını tələb edirik. Əslində ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır. Təbriz Azad Universitetinin məsullarından təhsil müəssisəsində türk dili və ədəbiyyatı ixtisasının yaradılması, həmçinin Urmiyə, Təbriz və Azərbaycan Mədəni Universitetləri kimi türk dili və ədəbiyyatı fənninin tədris olunmasına şərait yaratmalarını gözləyirik”- deyə öyrəncilərdən biri öz çıxışında deyib.

 

Öyrəncinin təhsil sistemi ilə bağlı çıxışı digər öyrəncilərin sürəkli alqışları ilə qarşılanıb.

https://www.youtube.com/watch?time_continue=3&v=t9igxtPtin4

 

 

Son vaxtlar İranda ana dilinin tədrisi ilə bağlı sosial tələblər artıb. Elə buna görə də məsələ ilə əlaqədar ölkə konstitusiyasının 15-ci maddəsi tez-tez məsullar tərəfindən gündəmə gətirilir.

 

Bundan əvvəl Tehranın millət vəkili İlyas Həzrəti Güney Azərbaycanda müəyyən hadisələrin gözlənildiyini bildirərək “ana dilində təhsil məsələsi öz həllini tapmayacağı təqdirdə Güney Azərbaycanın gələcəyi böyük sual altına düşəcək” deyə xəbərdarlıq etmişdir.

 

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı yazılır. Həmin maddəyə əsasən türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dili ilə bağlı hüquqları hətta konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb. Hazırda onlarla mədəni fəal ana dilini müdafiə etdiklərinə görə İran zindanlarında məhbus həyatı yaşayır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar