SON XƏBƏRLƏR

Təbrizdə Beynəlxalq Aşıqlar Festivalı başlayır

2021.10.20, 07:36
Təbrizdə Beynəlxalq Aşıqlar Festivalı başlayır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində 300 ustad aşığın iştirakı ilə Beynəlxalq Aşıqlar Festivalı keçiriləcək, festivalda türk dünyasının müxtəlif bölgələrindən olan 300 aşıq iştirak edəcək.

 

İslam peyqəmbərinin doğum günü və “Vəhdət həftəsi” münasibəti ilə təşkil olunan festival noyabrın 24-dən 27-dək keçiriləcək.

 

Tədbirin təfərrüatı ilə bağlı Şərqi Azərbaycan İncəsənət Qurumunun icraçı direktoru Məhəmməd Hüseyn Bulaği mətbuata geniş məlumat verib.

“Festivala Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin, Əlborz, Tehran, Həmədan və Mərkəzi Əyalətlərindən çox sayda aşıq qatılacaq. Tədbirdə Türkiyə, Azərbaycan və Gürcüstandan da ustad aşıqlar və jurnalistlər iştirak edəcək”- deyə o bildirib.

 

Məhəmməd Hüseyn Bulağinin sözlərinə görə, festivalda “Peyqəmbər adına şeirlər toplusu” kitabı və festival üçün məqalər və xüsusi buraxılan dərgilər toplusunun təqdimatı olacaq. Tədbir iştirakçıları festivalın ikinci günündə mərhum aşıq Abbas Tufarqanlı, üçüncü günündə isə aşıq “Qərib”in məzarını ziyarət edəcəklər.

 

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıb. Güney Azərbaycanda aşıq sənətinə xüsusi əhəmiyyət verilir və bütün məhdudiyyətlərə baxmayaraq inkişaf etdirilir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar