SON XƏBƏRLƏR

Təbrizdə bir qrup sözdə yazıçı və şair Azərbaycan Respublikasındakı radikal dinçilərə dəstək verən bəyanat yayıb

2021.10.20, 07:36
Təbrizdə bir qrup sözdə yazıçı və şair Azərbaycan Respublikasındakı radikal dinçilərə dəstək verən bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Son vaxtlar İranda müxtəlif siyasi və dini qurumların Azərbaycan Respublikasına qarşı müdaxiləsinin yeni dalğası başlayıb.

 

Bu, radikal dinçi, “Hizbullah” terror təşkilatının Azərbaycan Respublikasındakı qolunun liderlərindən biri kimi tanınan Hacı İlhamın saxlanılmasından sonra baş verib.

 

Müxtəlif mənbələr “Ağa Rəzəvi” adı ilə tanınan Hacı İlhamın ölkəsinə qarşı təxribat xarakterli təbliğat apardığını və sadəlövh gəncləri “Hizbullah”a cəlb etməyə çalışdığını bildirir.

 

Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə edənlər arasında Təbrizdə bir qrup sözdə yazıçı və şair də yer alıb. Onların İran rejiminin əlaltısı olduğu kimsədə şübhə doğurmur.

 

Özlərini yazıçı və şair adlandıran bir qrup şəxs Azərbaycan Respublikası və son vaxtlar Hindistanda baş verən hadisələrlə bağlı Hindistan dövlətinin əleyhinə sərt bəyanat yayıblar.

“Gülüstan və Türkmənçay müqaviləsi ilə İrandan ayrılan Azərbaycan Respublikasında tanınmış şiə ruhaniləri və hərəmi müdafiə edən gənclərin öldürülüb və saxlanılması davam edir. Müsəlmanlara dini mərasim keçirmək, hicab azadlığı, Quran dərsləri təşkil etmək və rahatca cümə namazı qılmaq icazəsi verilmir. İslam Partiyasının rəhbəri Mövsüm Səmədov, Abgül və Taleh Bağırov hicabı müdafiə etdikləri üçün uzun müddətli həbsə məhkum edilib. Onlar həbsxanalarda işgəncələrə məruz qalıb.”- deyə Azərbaycanın əleyhinə yayılan bəyanatın bir hissəsində qeyd olunub.

 

İran rejiminin əlaltıları ötən illərdə Nardaranda islamçı ekstrimistlərin törətdiyi hadisədə də Azərbaycan hakimiyyətini günahlandırıb. Onlar həmçinin Yunis Səfərov və hacı İlham kimi ekstrimistlərin həbs edilməsinə etiraz edərək bütün bunları sözdə sionizmə xidmət kimi qiymətləndiriblər.

 

Bəyanatda həbs edilən islamçı ekstrimistlərin azadlığa buraxılması tələb olunaraq təhdid edilib ki, Amerika Birləşmiş Ştatları və sionistlərin siyasətini sözdə icra edən hökumət möminlərin səyi nəticəsində məğlub olacaq, bu qaçılmazdır.

 

Qeyd edək ki, Güney Azərbaycan əyalətlərində Azərbaycan Respublikasına qarşı mövqe sərgiləyən bütün şəxs və qurumlar birbaşa İran rejimi tərəfindən idarə olunan qüvvələrdir. Onların Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etməsi, eləcədə radikal dinçi qüvvələri öz dövlətlərinə qarşı təxribatçı hərəkətlərə çağırması yeni hadisə deyil. Azərbaycan əhalisi İran rejimi tərəfindən yönləndirilən bu kimi hadisələrə vaxtaşırı şahid olur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar