SON XƏBƏRLƏR

Təbrizdə daha 1 sərnişin təyyarəsinin 2 təkəri yerə enərkən partlayıb

2021.10.20, 07:36
Təbrizdə daha 1 sərnişin təyyarəsinin 2 təkəri yerə enərkən partlayıb

Gunaz.tv

GünAzTV: Təbrizdə daha 1 sərnişin təyyarəsinin 2 təkəri yerə enərkən partlayıb. Bu barədə Şərqi Azərbaycan əyaləti hava limanlarının baş direktoru Mustafa Səfayi jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, hadisə yanvarın 30-u yerli vaxtla axşam saat 20:00-da Təbrizin “Şəhid Mədəni” beynəlxalq hava limanında baş verib: “İstanbuldan Təbrizə uçan “İran Air Tours” aviasiya şirkətinə məxsus “Airbus 600-300” tipli sərnişin təyyarəsi Təbrizin beynəlxalq hava limanının ikinci uçuş-eniş zolağında yerə enərkən, onun dörd təkərindən ikisi partlayıb. Baş vermiş texniki nasazlığa baxmayaraq, xoşbəxtlikdən təyyarənin göyərtəsində olan sərnişinlər hər hansı bir xəsarət almadan sağ-salamat yerə eniblər”.

 

 

Xatırladaq ki, son bir ayda, İranda ən azı 4 təyyarə qəzası baş verib. Yanvarın 3-də, “ATA Air” aviaşirkətinə məxsus Məşhəd-Təbriz marşrutu ilə uçan sərnişin təyyarəsi Təbrizin “Şəhid Mədəni” hava limanına yerə enərkən 3 təkəri partlayıb. Baş vermiş ciddi texniki nasazlığa baxmayaraq, pilot təyyarəni  hər hansı bir faciə baş vermədən çətinliklə də olsa yerə endirə bilib.

 

Yanvarın 14-də, Qırğızıstanın paytaxtı Bişkekdən havaya qalxan İran ordusuna məxsus “Boeing-707” yük təyyarəsi İranın Əlbürz əyalətinin Kərəc şəhəri yaxınlığında qəzaya uğrayıb. Səfadəşt məntəqəsində “Fəth” hava limanında yerə enərkən təyyarədə texniki nasazlıq yaranıb. Nəticədə, eniş zamanı təyyarə uçuş-eniş zolağından çıxaraq, ətrafdakı bir neçə yaşayış binasına çırpılıb. Qəza zamanı təyyarənin göyərtsəində olan 16 nəfərdən 15-i ölüb, 1-i yaralanıb.

 

 

Yanvarın 14-də həmçinin Məşhəd-Tehran marşrutu üzrə uçan “Airbus 300” tipli sərnişin təyyarəsi göyə qalxdıqdan sonra texniki nasazlıq yarandığına görə, təyyarə təcili geri dönüb. Bu barədə, Məşhədin “Şəhid Haşimi Nejad” beynəlxalq hava limanının ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Həsən Cəfəri jurnalistlərə açıqlama verib.

  

Yanvarın 21-də isə 151 sərnişinlə İranın Çabahar şəhərindən Tehrana uçan “Caspian Air” özəl aviaşirkətinə  məxsus “MD-83” tipli sərnişin təyyarəsinin mühərriklərindən birində texniki nasazlıq yarandığından, pilot Yəzd şəhərinin beynəlxalq hava limanında təcili eniş etmək məcburiyyətində qalıb.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar