SON XƏBƏRLƏR

Təbrizdə dəhşətli yol qəzası: 7 nəfər ölüb

2021.10.20, 07:36
Təbrizdə dəhşətli yol qəzası: 7 nəfər ölüb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın qeyri-standart yolları can almaqda davam edir.

 

Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü sentyabrın 27-i sübh saatlarında Təbriz-Urmiyə yolunda ağır yol qəzasının baş verdiyini bildirib.

 

Vəhid Şadiniyanın sözlərinə görə, Xasiban körpüsünün üzərində “Səmənd” və “Prayd” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər faciəli şəkildə həlak olub.

 

“Ölənlərin 4-ü “Prayd”, 3-ü isə “Səmənd” markalı avtomobilin sərnişini olub. Avtomobillərin toqquşması yanğına səbəb olub. Təcili Tibbi Yardım Mərkəzinə xəbər verildikdən sonra, xilasedicilər qrupu hadisə yerinə göndərilib. Həmin qrup ağır xəsarət alan 7 sərnişinin öldüyünü təsdiqləyib”- deyə o bildirib.

 

V.Şadiniya vurğulayıb ki, “bəzi hallarda hadisə yerinə toplaşan insanlar xilasedicilərə maneçilik yaradır. Bu məsələ zərərçəkənlərin daha çox xəsarət almasına səbəb olur. Belə hallara yol verilməməlidir.”

 

Ilıxçı şəhərinə bağlı olan Xasiban kəndi, Təbrizin cənub-qərb istiqamətinin 25 kilometrliyində yerləşir.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar