SON XƏBƏRLƏR

Təbrizdə “Dirəniş eposu” kitabının təqdimat mərasimi ikinci dəfə olaraq ləğv edilib

2021.10.20, 07:36
Təbrizdə “Dirəniş eposu” kitabının təqdimat mərasimi ikinci dəfə olaraq ləğv edilib

Gunaz.tv

GünAz TV: Təhlükəsizlik qüvvələrinin təzyiqi ilə Təbriz şəhərində “Dirəniş eposu” kitabının təqdimat mərasimi ikinci dəfə olaraq ləğv olunub.

 

Səccad Zeynalinin müəllifi olduğu kitab Xoy şəhəri əhalisinin “Ciloluq faciəsi” zamanı erməni və asuri cinayətkarlarının hücumuna qarşı qəhrəmancasına müqavimət göstərməsindən bəhs edir.

 

Bu barədə Seccad Zeynalı İnstaqram səhifəsində bir post paylaşaraq məlumat verib. “Səlahiyyətli orqanlarla razılıq əldə olunmasına baxmayaraq yenə də “Dirəniş eposu” kitabının təqdimat mərasiminin keçirilməsinə icazə verilmədi. Görünür ki, Azərbaycanın ötən 100 ildə dərdlərini anlatmaq və baş verən hadisələri yazmaq hər zaman senzura ilə qarşılaşmalıdır. Hiss olunur ki, Azərbaycan əhalisi 100 il əvvəl ata-analarının başına gələn hadisələrdən xəbərdar olmasın deyə gizli bir iradə mövcuddur.

Kitabın təqdimat mərasiminin ləğv olunması heç nəyi dəyişməyəcək. Biz Azərbaycanın acı və kədərli tarixini üzə çıxartmaqdan vaz keçməyəcəyik. “Ciloluq” adı ilə tanınan hadisədə Azərbaycan əhalisinin Asuri və erməni terrorçuları tərəfindən qətliam edilməsini heç kim unutdura bilməz, bu Azərbaycan əhalisinin yaddaşında hər zaman qalacaq.

Mən Azərbaycan tarix və mədəniyyətinin bir kiçik xadimi  kimi öz yolumu davam etdirəcəm və daha keyfiyyətli yeni kitablar yazaraq bu torpaq və diyara öz mənəvi borcumu ödəyəcəm”- deyə o qeyd edib.

 

“Dirəniş eposu” kitabının təqdimat mərasimi birinci dəfə yanvarın 18-də Təbriz Kitab Bağı Mədəniyyət Evində keçirilməli idi, lakin hökumət orqanları tərəfindən ləğv edilmişdir.

 

Qeyd edək ki, İranda “Ciloluq” faciəsini gizlətməyə qarşı hər zaman cəhdlər olub. Bu məsələyə son vaxtlar Urmiyənin millət vəkilləri Hadi Bahaduri və Ruhulla Həzrətpur da dəfələrlə etiraz bildirib. 2018-ci ilin dekabr ayında Qərbi Azərbaycanın təhmil olunmuş kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari  “Ciloluq” faciəsini əhəmiyyətsiz və mənasız məsələ adlandıraraq onun gündəmə gətirilməsini əyalətin inkişafına mane olduğunu bildirmişdir.

 

XX əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı onminlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, “Ciloluq” faciəsi kimi tarixə düşüb.

İran rejimi bütün imkanlardan istifadə edərək bu tarixi cinayəti gizlətməyə, bununla bağlı heç bir əsərin yazılmamasına çalışır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar