SON XƏBƏRLƏR

Təbrizdə kimyəvi turşu hücumuna məruz qalan qız əhalidən yardım istəyir

2021.10.20, 07:36
Təbrizdə kimyəvi turşu hücumuna məruz qalan qız əhalidən yardım istəyir

Gunaz.tv

GünAz TV: Dövlətin laqeyd münasibəti ilə üzləşən Məsumə Cəlilpur əhaliyə müraciət edərək onlardan yardım istəyib.

 

Azərbaycanlı qız ötən Novruz bayramı günlərində elçisinə rədd cavab verdiyi oğlan tərəfindən kimyəvi hücuma məruz qalıb, o üz, sinə, boyun, qulaq, göz və bel nahiyyəsindən ağır yanıq xəsarətləri alıb.

 

M.Cəlilpur müalicə xərclərini təmin etmək üçün insanlara üz tutub, o bu məqsədlə İnstaqram səhifəsində bir mətn paylaşıb. Məlumata görə, bu günə qədər Səhiyyə Nazirliyi, hətta İran kütləvi informasiya vasitələri hücuma məruz qalan qızın müalicə problemlərinə səssiz qalıblar.

 

Azərbaycanlı qız səhifəsində hücundan əvvəlki və sonrakı şəkillərini yayaraq faciənin nə qədər dərin olduğunu təsvir edib. O bundan əvvəl “Şəhrvənd” qəzetinə faciədən sonra kimsənin onun halını soruşmadığını bildirib.

 

Məsumənin qardaşı isə “Şəhrvən”in müxbiri ilə danışığında ailələrinin ağır durumundan söz açıb. “Xəstəxana hər gün üçün 1 milyon tümən pul tələb edir, ancaq bizim belə bir imkanımız yoxdur. Xəstəxanada anamın şəxsiyyət vəsiqəsi və milli kartını girov qoymuşuq. Xeyriyyəçilərdən Məsumənin müalicəsinə yardım etmələrini xahiş edirik”- deyə o vurğulayıb.

 

26 yaşlı M.Cəlilpur Təbriz sakinidir, o mart ayında kimyəvi turşu hücumuna məruz qalıb.

 

Qeyd edək ki, İranda son illərdə intiqam almaq üçün kimyəvi turşudan istifadə etmək adi bir metoda çevrilib. Bu həm də şəxsi münaqişə zəminində baş verən hadisələrlə məhdudlaşmır. Rejimin radikal tərəfdarları vaxtaşırı sözdə hicaba tam riayət etməyən qadınlara qarşı belə bir üsuldan istifadə edirlər. İranda qadınlara qarşı belə hücumlara etiraz olaraq dəfələrlə kütləvi aksiyalar keçirilib.

Qadın haqları müdafiəçiləri də İranın müxtəlif bölgələrində bu kimi hücumların sistemli şəkildə törədildiyini önə çəkirlər. Onlar hakimiyyət və ona yaxın qrupların bu hücumlara zəmin yaratdığını, eləcə də hadisələri önləmək istiqamətində hökumətin ciddi addım atmadığından şikayətlənirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar