SON XƏBƏRLƏR

Təbrizdə uşaq haqları fəalının anası Ettelaat İdarəsinə çağırılaraq təhdid edilib

2021.10.20, 07:36
Təbrizdə uşaq haqları fəalının anası Ettelaat İdarəsinə  çağırılaraq təhdid edilib

Gunaz.tv

GünAz TV: Təbriz Ettelaat (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin əməkdaşları yanvarın 15-də uşaq haqları fəalı, azərbaycanlı şair Ümid Əqdəminin anasını idarəyə çağıraraq onu 6 saat sorğu-suala tutublar.


Ettelaat əməkdaşları xanım Əkrəm İmamquluzadədən oğlunun harada yaşadığı və onun vəziyyəti ilə bağlı suallar soruşublar.


Ü.Əqdəmi 2017-ci il oktyabr ayında Ettelaat əməkdaşları evinə hücum etdikdən sonra ölkədən çıxıb. Ettelaat bu səbəbə görə, onun anasını oğluna İrandan çıxmaq üçün yardım etməkdə günahlandırır və ona təzyiq göstərir.


Bu hadisə ilə bağlı Ü.Əqdəmi insan haqları qurumlarına məlumat verib. “Ettelaat əməkdaşları bir neçə dəfə mənə zəng etdilər, lakin məhəl qoymadım. Sonra evə hücum etdilər. Mən evdə deyildim, anam da mənim olduğum yer haqda onların suallarına cavab verməmişdir. Buna görə də anamı mənim ölkədən qaçmağımla bağlı günahlandırırlar. İranda kütləvi etiraz aksiyaları keçirildikdən sonra anamı iki Ettelaat İdarəsinə çağıraraq dindiriblər”- deyə o bildirib.


Ettelaat əməkdaşları 2017-ci il oktyabrın 3-də azərbaycanlı şairin evinə hücum edərək onu yaxalamaq istəyiblər, lakin o evdə olmadığı üçün buna nail olmayıblar. Məmurlar evdə axtarış aparıb, ona məxsus bir çox şəxsi əşya, o cümlədən ləptop, kitab və əlyazmalarını özləri ilə götürüblər. Ü.Əqdəmi bu hadisədən iki gün sonra İrandan qanunsuz olaraq çıxmağı bacarıb.


Ü.Əqdəminin 26 yaşı var, o şairdir  və uzun müddət Təbriz Uşaq Haqları Tərəfdarları Qurumunda fəaliyyət göstərib. Təbrizli şairin bir neçə siyasi və tənqidi şeirləri var. Onun “Bomba kimi”, “Mən düşünürəm” və “Mən aşiqəm” və s. kimi şeirləri virtual aləmdə yayılıb.


N.S   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar