SON XƏBƏRLƏR

Təbrizdə ustad Həsən Dəmirçinin anım mərasimi keçirilib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə ustad Həsən Dəmirçinin anım mərasimi keçirilib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizdə tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı mərhum Həsən Dəmirçinin (Həsən Azərbaycan) anım mərasimi keçirilib.


Mərasimə mərhumun ailəsi başda olmaqda müxtəlif şəhərlərdən  gələn çox sayda azərbaycanlı milli-mədəni fəal qatılıb.


Anım mərasimi cümə günü, “Azərbaycan Mədəniyyət Ocağı” tərəfindən Təbrizdə keçirilib. Sözügedən qurum Azərbaycanın türk kimliyinin qorunub saxlanılması və inkişafı istiqamətində fəaliyyət göstərir.


Mərasimdə mərhumun yaradıcılıq fəaliyyəti və mədəni xidmətləri haqda iştirakçılara məlumat verilib. Sənətkarlar bir neçə Azərbaycan mahnısı ifa edərək ustad musiqiçinin əziz xatirəsini dərin hörmətlə anıblar.


Həsən Dəmirçi iyunun 24-ü sübh saatlarında Təbrizdə müalicə aldığı “Ali nəsəb” xəstəxanasında vəfat edib. Ürək infarktı keçirən tanınmış fəal may ayının əvvəllərində xəstəxanaya yerləşdirilmişdir.


Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr etmişdir. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.


Həsən Dəmirçi Güney Azərbaycanın klassik və muğan musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.

 

 

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar