SON XƏBƏRLƏR

Təbrizin Lalei sarayının ərazisində qanunsuz tikinti işləri aparılır- Bələdiyyə isə inkar edir

2021.10.20, 07:36
Təbrizin Lalei sarayının ərazisində qanunsuz tikinti işləri aparılır- Bələdiyyə isə inkar edir

Gunaz.tv

GünAz TV: Təbrizdə yerləşən tarixi Lalei sarayının ərazisində qanunsuz tikinti işləri aparılır.

 

"İrna" xəbər agentliyi məsələ ilə bağlı yaydığı məlumatda bu halı Təbriz şəhər Bələdiyyəsi və digər qurumların rəsmilərinin bütün qanun-qayda və normalara məhəl qoymama və onları ayaqları altına almaları kimi dəyərləndirib. Xəbərdə qeyd edilir ki, Şərqi Azərbaycanın Mədəniyyət, Əl Sənayesi və Turizm İdarəsinin dəfələrlə müraciətinə baxmayaraq, bu gözəl tarixi binanın ətrafında tikinti işləri dayandırılmayıb.

 

İdarənin müdir müavini Əlirza Quçi məsələ ilə bağlı bildirib ki, 6 ay əvvəl sahibkarın ərazidə tikinti işlərinə start verməsindən dərhal sonra Təbriz şəhər Bələdiyyəsinə tikintinin dayandırılması üçün məktub ünvanlayıblar. Lakin sonradan göndərdikləri 13 məktub da cavabsız qalıb və tikinti işləri dayandırılmayıb. O, həmçinin qeyd edib ki, Lalei sarayı tarixi əsər hesab edildiyindən, onun ərazisində tikinti işlərini aparan özəl şirkətin rəhbəri qanun qarşısında məsuliyyət daşıyır.

 

Əlirza Quçinin sözlərinə görə, Təbriz Bələdiyyəsi başda olmaqla, heç bir məsul qurum tikinti işlərinin başlanmasından öncə buna icazə almaq üçün Mədəniyyət, Əl Sənayesi və Turizm İdarəsinə müraciət etməyib.

 

Məsələ ilə bağlı Təbrizin 8-ci məntəqəsinin bələdiyyəsi açıqlama verməkdən imtina edib. Onun müavinlərindən biri isə verdiyi açıqlamada bütün görüntü və sübutlara rəğmən, tarixi binanın ərazisində tikinti işlərinin getməsini inkar edib.

 

Tarixi və milli abidə kimi qeydə alınmış abidə və binaların qorunması ilə bağlı qanuna əsasən, milli əhəmiyyətli abidələr hesab edilən tarixi binaların ətrafında tikinti işləri aparmaq qadağandır.

 

1 əsrə yaxın tarixi olan Lalei sarayı 2000-ci ilin 10 dekabrında 2919 qeydiyyat nömrəsi ilə milli əhəmiyyətli abidə kimi qeydiyyata salınıb. Lakin İran rejiminin məsulları Azərbaycanın digər abidələri kimi Lalei sarayına qarşı da biganə münasibət bəsləyirlər.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar