SON XƏBƏRLƏR

Təbrizin “Maşınsazi” Klubundan Futbol Federasiyasına etiraz

2021.10.20, 07:36
Təbrizin “Maşınsazi” Klubundan Futbol Federasiyasına etiraz

Gunaz.tv

GünAz TV: Təbrizin “Maşınsazi” Futbol Klubu İran Futbol Federasiyasının baş məşqçi Rəsul Xətibi barəsində çıxardığı ədalətsiz qərara etiraz bildirib.

 

Futbol Federasiyasının İnzibati Komitəsinin çıxardığı qərara görə, “Maşınsazi”nin baş məşqçisi 100 milyon rial məbləğində cərimə ödəməyə məhkum olunub. O həmçinin bir görüşdə komandasını müşayiət etməkdən məhrum edilib.

 

“Maşınsazi” klubu İnzibati Komitənin qərarı ilə bağlı etiraz məktubu yazıb.

““Maşınsazi”nin texniki heyətinin etiraz etdiyi penalti qərarı elan olunduqdan sonra “Perspolis” tərəfdarları birlikdə Rəsul Xətibinin ünvanına müəyyən xoşagəlməz sözlər səsləndirdilər. Baş məşqçi buna əl çalaraq reaksiya verdi. Bundan sonra azarkeşlər sözlərini dəyişərək Rəsul Xətibinin ailəsi və əzizlərinin ünvanına ən alçaldıcı sözlər dilə gətirdilər. Bu məsələ böyük əks-səda doğurdu.

Necə olur ki, 5 min azarkeşin etikadan kənar ən əxlaqsız şüarlar səsləndirməsi üçün 300 milyon rial cərimə nəzərdə tutulur, lakin baş məşqçinin sadəcə əl çalması 100 milyon rial cərimə və bir görüşdə komandanı müşayiət etməkdən məhrum edilmə ilə nəticələnir?! “Maşınsazi” klubu buna etiraz edir. Ona görə ki, çıxarılan hökm heç bir şəkildə reallığa uyğun gəlmir.”- deyə məktubda qeyd olunub.

 

Rəsul Xətibi

Xatırladaq ki, 19-cu super liqa yarışlarının 9-cu həftəsində Təbrizin “Maşınsazi” komandası Tehranın “Perspolis” klubunun qonağı oldu. Azadi stadionunda keçirilən görüşdə ev sahibinin azarkeşləri Azərbaycan türk milləti və “Maşınsazi”nin baş məşçiqi Rəsul Xətibinin ünvanına təhqiramiz söyüşlər səsləndirmişdir. İrqçi azarkeşlər hər zaman olduğu kimi, yenə də aşağılayıcı hərəkətlərə yol verib, Rəsul Xətibinin anasının ünvanına küçə söyuşləri söymüşdülər.

Hadisədən dərhal sonra Şərqi Azərbaycan Gənclər və İdman İdarəsi “Perspolis” tərəfdarlarından İran Futbol Federasiyasına rəsmən şikayət edib, İnzibati komitədən təhqirə yol verənlərin cəzalandırılması tələb etmişdir.

 

Təhqirə məruz qalan Rəsul Xətibi də Futbol Federasiyasını bu məsələyə baxmağa çağırmışdır.

“Bütün azarkeşlər mənim anamı söydülər. Mənim anam iki şəhid və iki müharibə əlili anasıdır. Əgər ölkədə təhlükəsizlik təmin olunursa, bu, şəhidlər və oğlunu məmləkəti və stadionları qorumaq üçün müharibəyə göndərən anaların sayəsində mümkün olub.”- deyə Rəsul Xətibi qeyd etmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar