SON XƏBƏRLƏR

Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası keçirən Vəliolla Tağızadənin aclıq aksiyası 24-cü günə daxil olub

2021.10.20, 07:36
Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası keçirən Vəliolla Tağızadənin aclıq aksiyası 24-cü günə daxil olub

Gunaz.tv

GünAz TV: Təxminən 12 il əvvəl edama məhkum edilmiş ərdəbilli məhbus Vəliolla Tağızadənin aclıq aksiyası 24-cü günə daxil olub.

 

Məhbusun iddiasına görə, o ittihamlarını sübut edən yetəri qədər sənəd olmadan edam cəzasına məhkum edilib. Məhbus üzləşdiyi ədalətsiz qərara və qeyri-müəyyən vəziyyətdə saxlanıldığına etiraz olaraq fevralın 14-də aclıq aksiyasına başlayıb.

 

V.Tağızadənin yaxınlarından biri onun son vəziyyəti ilə bağlı “Herana” agentliyinə danışıb: “Cənab Tağızadə mədə və ürək ağrısından əziyyət çəkir. Onun ümumi vəziyyəti heç yaxşı deyil. Buna baxmayaraq bu günə qədər zindan və Ədliyyə Şöbəsinin məsulları məhbusun vəziyyəti ilə maraqlanmayıb. O səhhətində yaranan ciddi problemlərə rəğmən hələ də poliklinikaya aparılmayıb. Son günlərdə çox çətinliklə yeriyir və ayaq üstə durur. O aclıq aksiyası keçirdiyi müddətdə çoxlu çəki də itirib.” 

 

Həmin mənbə bildirib ki, “Tağızadə bir neçə dəfə səlahiyyətli orqanlara məktub ünvanlayaraq dosyesinin araşdırılmasının həddindən artıq uzanmasına etiraz edib. Bu barədə onun vəkili və ailəsi də lazımi orqanlara müraciət ediblər, lakin o hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.”

 

Mənbənin verdiyi məlumata görə, V.Tağızadə təxminən 1.5 ay əvvəl də aclıq aksiyası keçirib, onun aksiyası 25 gün davam edib. Məhbus həbsxananın müavini və zindana nəzarət edən hakim tələblərinin təmini ilə bağlı söz verdikdən sonra aclıq aksiyasını dayandırıb, lakin yenə də verilən vədlər yerinə yetirilməyib.

 

“V.Tağızadə özünə qarşı  irəli sürülən ittihamları rədd edərək təxminən 12 il əvvəl Polis İdarəsinin Asayiş Şöbəsində (Aqahi İdarəsi) işgəncələr altında etiraf edib. Onun günahsız olduğunu hətta şikayətçi də bilir, ona görə də hökmün icra olunmasını tələb etmir. Bütün bunlara baxmayaraq hakim onun barəsində edam hökmü çıxarıb, o hələ də həbsdədir”- deyə mənbə əlavə edib.

 

Təbrizin Mərkəzi Zindanının 9-cu korpusunda məhbus həyatı yaşayan V.Tağızadənin 41 yaşı var, o əslən Güney Azərbaycanın Ərdəbil şəhərindəndir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar