SON XƏBƏRLƏR

Təbrizin millət vəkilindən uşaqlar üzərində tətbiq olunacaq “farsca yetərlilik testi”nə kəskin etiraz

2021.10.20, 07:36
Təbrizin millət vəkilindən uşaqlar üzərində tətbiq olunacaq “farsca yetərlilik testi”nə kəskin etiraz

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi İran Təhsil Nazirliyinin irqçi “farsca yetərlilik testi” planına kəskin etiraz bildirib.

 

Millət vəkili bu barədə “İsna” xəbər agentliyinə danışıb.

 

“Bu açıqlamanı dilə gətirən şəxsin zəkasına şübhə edirəm. Bunu deyən şəxs böyük yanlışlığa yol verib, farscanı yetəri qədər bilməklə insanın qabliyyəti arasında heç bir əlaqə ola bilməz.

İranda fərqli qövmlər və bir çox dillər var. Azərbaycanda elə istedadlı şəxslər var ki, onların bəziləri fars dilini yaxşı bilmir. Bəzi hallarda təhsil almış insanlar belə başqa bir dildə düzgün danışa bilmir.

Məsələn bir azərbaycanlı həyat boyu valdeyni, hətta taksi sürücüsü ilə hər zaman türk dilində danışır. Belə bir mühitdə fars dilini yetəri qədər bilmək planından danışmaq mənasızdır. Belə açıqlamaların türk dili kimi zəngin ədəbiyyata zərbə vurmasına imkan vermək olmaz.

Bu tip insanların qövmlərin təhrik etməsinə çalışmasını iddia edə bilmərik. Lakin hiss olunur ki, arada bəzi vasitələr qövmlərin hissiyatından sui-istifadə etmək istəyir.”- deyə o bildirib.

 

Millət vəkili sözlərinin sonunda ana dilinin məktəblərdə tədris olunması ilə bağlı konstitusiyanın 15-ci maddəsinin icra olunmasını tələb edərək Təhsil Nazirliyi tərəfindən açıqlanan “farsca yetərlilik testi”nə qarşı bütün millət vəkillərinin eyni mövqedən çıxış etdiyini və bu plana qarşı dirənəcəklərini diqqətə çatdırıb.

 

Qeyd edək ki, İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni məktəbə daxil olmaq istəyən uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyi barədə açıqlama verib.

İrqçi plan tətbiq olunacağı təqdirdə, fars dilini bilməyən uşaqların sağlamlıq durumu təsdiq olunmayacaq.

 

Planın tətbiq olunmasından məqsəd uşaqların 7 yaşınadək ailələrdə ana dilinin öyrənməsinin qarşısını almaqdır. Təhsil Nazirliyi çalışır ki, rəsmi və qeyri-rəsmi mərkəzlər, o cümlədən uşaq bağçalarının yardımı ilə qeyri-fars millətlərinə mənsub uşaqları asimilasyona uğradaraq öz milli dil və kimliyindən uzaqlaşdırsın.

 

İrqçi açıqlamaya Güney Azərbaycan əhalisi ilə yanaşı Urmiyənin millət vəkilləri Hadi Bahaduri və Ruhulla Həzrətpur, Germinin millət vəkili Himayət Mirzadə və Təbrizin millət vəkili Məhəmməd İsmail Səidi kəskin etiraz bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar