SON XƏBƏRLƏR

Təbrizin milli fəalları Abbas Lisaninin məhkəmə işinə ədalətli şəkildə baxılmasını tələb ediblər

2021.10.20, 07:36
Təbrizin milli fəalları Abbas Lisaninin məhkəmə işinə ədalətli şəkildə baxılmasını tələb ediblər

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərindən olan milli-mədəni fəallar məhkəmə sisteminin məsullarına açıq məktub ünvanlayaraq Güney Azərbaycan Milli Hərəkatının tanınmış mübariz fəalı Abbas Lisaninin məhkəmə işinə ədalətli şəkildə baxılmasını istəyiblər.

 

İyunun 15-də İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisi və Ərdəbil İnqilab Məhkəməsinin rəisi hakim Xudadadiyə ünvanlanan məktubda fəalın qanuni tələblərinin təmin olunmayacağı təqdirdə beynəlxalq qurumlar və insan hüquqları müdafiəçilərinə müraciət olunacağı bildirilib.

 

Yanvarın 15-dən Ərdəbil zindanında saxlanılan Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-dən aclıq aksiyası keçirir.

 

“Ölkədə fəaliyyət göstərən mədəni və siyası fəallar, xüsusi ilə də Azərbaycanın milli-mədəni fəalları məhkəmə sistemində olan çatışmazlıqlardan dolayı ədalətsiz hökmlərlə üzləşir, onlar qondarma ittihamlarla həbs edilir. Fəallar həbs müddətində də bütün qanuni hüquqlarından məhrum edilir.

Hal-hazırda Azərbaycan millətinin səadətini istəməkdən başqa heç bir günahı olmayan tanınmış fəal Abbas Lisani əleyhinə təşkil edilmiş son dosyeyə görə 10 ay həbs cəzasına məhkum edilib. Onun üçün yeni dosye də təşkil olunub, lakin dosyenin məzmunu ona açıqlanmayıb. Bundan öncəki dosyeyə ədalətlə baxılsaydı, o azad edilməli idi. Lakin o edilən müdaxilələr və çıxarılan ədalətsiz qərara görə həbsdədir. O saxlanma şəraitinə etiraz olaraq təxminən 3 həftədir ki, aclıq aksiyası keçirir, bu məsələ onun sağlamlığını təhlükə altında qoyub.  Biz Təbriz şəhərinin bir qrup siyasi və mədəni fəalı olaraq onun tələblərinə dəstək verdiyimizi elan edir, aclıq aksiyasının davam etdirilməsi və sağlamlığının təhlükəyə düşməsindən nigaran olduğumuzu bildiririk. Biz məsələyə baxılmasını və onun azadlığa buraxılmasını tələb edirik.

Qeyd etmək lazımdır ki, bu məsələyə baxılmayacağı təqdirdə onun haqq səsi beynəlxalq qurumlar və insan hüquqları müdafiəçilərinə çatdırılacaq və bununla bağlı məsuliyyət səlahiyyətli məsulların üzərinə düşəcək.”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Məktub həmçinin Şərqi Azərbaycan və Ərdəbil valiləri, Təbriz və Ərdəbil imam cümələri, bütün azərbaycanlı millət vəkilləri, həmçinin ölkə və əyalətin mətbuat orqanları və virtual aləmə ünvanlanıb.

 

Məktub Rəsul Rəzəvi, Davud Şiri, Əli Şadi, Məhəmməd Mahmudi, Yusif Sələhşur, Yaqub Rəməzani, Rəsul Sələhşur, Bahar İmami, Əyyub Şiri, İbrahim Eyvəzzadə, Mustafa Əvəzpur, Babək Hüseyni Müqəddəm, Nadir Sadiqiyan, Murtaza Muradpur, Yaqub Kərimi, Əkbər Mühaciri, Cavid Nəzmi, Əhməd Əlizadə, Hüseyn Rəxşani Kiya, Nasir Xülusi, Yusif Rəzəvi, Fərzin Sarabi, Murtaza Siyasanlı, Vəhid Rəhimi və Yasəmən Zəfəri tərəfindən imzalanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar