SON XƏBƏRLƏR

Təbrizli rejissor Qurbanəli Tahirfər: Səttarxanın həyat yoldaşının Şahnamə oxuması izləyicinin şüuruna açıqca hörmətsizlikdir

2021.10.20, 07:36
Təbrizli rejissor Qurbanəli Tahirfər: Səttarxanın həyat yoldaşının Şahnamə oxuması izləyicinin şüuruna açıqca hörmətsizlikdir

Gunaz.tv

GünAz TV: İranın 1-ci telekanalında yayılmaqda olan Səttarxan serialında Azərbaycanın tarixi şəxsiyyətinə qarşı aparılan təbliğat soydaşlarımızın kəskin etirazına səbəb olub.

 

Teleserialda bir çox təhrifləri önə çəkən türk fəallar Məşrutə Hərəkatının qəhrəmanı Səttarxanın həyatınının düzgün təsvir olunmadığı, serialın anti-türk və anti-Azərbaycan müəlliflər tərəfində hazırlandığını bildirirlər.

 

Məhəmmədrza Vərzinin rejissoru və Mustafa Şərifinin ssenari müəllifi olduğu serial haqda təbrizli məşhur rejissor Qurbanəli Tahirfər “Anac” xəbər agentliyinə danışıb.

 

“Səttarxanın evində onun həyat yoldaşının Şahnamə oxuyaraq təsvir edilməsi izləyicinin şüuruna yönəldilmiş dərin təhqirdir. Məntiq deyir ki, Səttarxanın həyat yoldaşı evində bayatı oxusun və ya Nəbati və Füzulinin şeirlərini uşaqlarına oxusun” deyə rejissor söyləyib.

 

Q.Tahirfər bu kimi mövzularda yerli sənətçilərdən istifadə olunmadığını da sərt tənqid edib.

 

“Azərbaycanla bağlı məlumatı olmayan şəxslərin film çəkməsi, bundan artıq olmaz. “Qonşunun toyuğunu qaz kimi görən” zehniyyət, tarixi serialların hazırlanmasında yerli sənətçilərdən istifadə olunmasına imkan vermir. Halbuki, Səttarxan sevgisi ilə böyüyən insanlar, bu barədə teatrlara baxanlar vəya bir neçə Məşrutəşünas və Səttarxanşünasla irtibatı olanlar, şübhəsiz ki, bu haqda daha düzgün baxışa malik ola bilər. Məşrutə Hərəkatı barəsində çəkilən serialların heç birində mövzu düzgün açıqlanmayıb. İzləyicilər serialları izlədikdən sonra Məşrutə Hərəkatı və Azərbaycanın hərəkatdakı rolu haqda heç bir ümumi dərk əldə edə bilmir. Ona görə ki, Məşrutənin hədəfi açıqlanmır.

 

Səttarxanın həyatı təkcə Məşrutə illəri ilə məhdudlaşmır. Məsələn o məzlumlara, yoxsullara yardım edən bir şəxsiyyət olub. Halbuki, serialda yalnız onun siyasi həyatından ötəri şəkildə bəhs olunub. Səttarxan Azərbaycan qeyrətinin bayraqdarı olub. O bildirib ki, torpaq yeyərik, amma torpaq vermərik. Lakin Səttarxan bu günə qədər haqq etdiyi kimi təqdim olunmayıb”- deyə o söhbətinin davamında deyib.

 

 “Azərbaycanın əfsanəvi qəhrəmanları hər zaman diqqətdən kənarda qalıb. Ümid edirəm ki, bir gün bir nəfər tapılıb bu suala cavab verəcək”- deyə tanınmış rejissor Azərbaycanın tarixi və mədəniyyəti haqda danışarkən əlavə edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar