SON XƏBƏRLƏR

Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir

2021.10.20, 07:36
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir

Gunaz.tv

GünazTV: İran İslam Respublikasının paytaxtı Tehran metrosunda hicaba hakimiyyətin istədiyi qaydada riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilib.

 

İrandakı qadın hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, “Sepah” terror təşkilatının göstərişlərini yerinə yetirən Tehran metrosunun məsulları son günlər metronun müxtəlif dayanacaqlarında üzərində “Metroya hicabla daxil olun” cümləsi yazılmış bannerlər asaraq, gənc xanımlara qarşı təzyiqi gücləndiriblər.

 

Bildirilir ki, İslami İrşad Nazirliyi tərəfindən hazırlanan bannerlərin divarlara asılması ilə yanaşı, hər bir dayanacaqda polis əməkdaşları rejimin istədiyi tərzdə hicabına riayət etməyən gənc xanımların qabağını kəsir, onlara sərt xəbərdarlıq edir, hicablarına riayət etmədikləri təqdirdə onları növbəti dəfə həbs edəcəkləri ilə təhdid edirlər.

 

Qeyd edilir ki, Tehran metrosunda hicab polislərinin sayının artması və xanımlara qarşı təzyiqin gücləndirilməsi, son vaxtlar metro vaqonlarında mütəşəkkil şəkildə baş örtüklərini açaraq digər qadınları qorxunu bir kənara qoyub hakimiyyətin təzyiqinə müqavimət göstərməyə təşviq edən qadın hüquq müdafiəçilərinin fəaliyyəti ilə əlaqədardır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar