SON XƏBƏRLƏR

Tehranda daha 5 qadın baş örtüklərini açaraq, qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib– 2 VİDEO

2021.10.20, 07:36
Tehranda daha 5 qadın baş örtüklərini açaraq, qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib– 2 VİDEO

Gunaz.tv

GünazTV: İranın paytaxtı Tehranda küçədə və metro qatarında daha 5 qadın baş örtüklərini açaraq, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

 

Martın 8-də Tehranın Vəliəsr küçəsində 2 qadın baş örtüklərini açaraq, əllərində qaldırdıqları yazılı plakatla xanımların  8 mart bayramını təbrik edərək, qadınların kişilərlə bərabər hüquqlu olmasını tələb ediblər: “Qadınlar cəmiyyətin mühüm üzvləri sayılır, onları cəmiyyətdən kənarlaşdırmaq olmaz. Biz heç kəsin namusu deyilik. Biz azad və bərabər insanlarıq. Biz, qadınlara qarşı ayrı-seçkiliyi rədd edirik. Qadınlara qarşı hörmətsizliyə, zorakılığa son qoyulsun. Çünki qadının azad olması, cəmiyyətin azad olması deməkdir. Biz əşya deyilik, insanıq və həyatımızın hər bir hissəsinə ayrıca qanun yazılmasını istəmirik”-deyə onlar əlavə edib.

 

Həmin gün Tehran metrusunda daha 3 qadın qatarda baş örtüklərini açaraq, qatarda olan digər qadın sərnişinləri 8 mart bayramı münasibətilə təbrik edərək, onlara gül bağışlayıblar. Qadınlardan biri isə 8 mart bayramının əhəmiyyətindən danışıb: “Bu gün 8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu münasibətlə siz xanımları təbrik edirik. Ümid edirik, elə bir gün gələcək ki, biz qadınlar öz təbii hüquqlarımız uğrunda mübarizə aparmaq məcburiyyətində qalmayacağıq. Əminik ki, dünyanın bütün qadınları iranlı qadınlarla fəxr edir, onlara zülm qarşısında göstərdikləri müqavimət üçün dəstək verirlər.  Bayramınız mübarək olsun, xanımlar” – deyə o bildirib.

 

 

 Qeyd edək ki, İranda qadınların məcburi hicaba qarşı ilk dinc etirazına 2018-ci ilin əvvəllərində start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

Xatırladaq ki, son il yarımda   İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örtüklərini açaraq, hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Həmin etirazlarda 40-dan çox qadın həbs edilib.

 

VİDEOLAR:

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar