SON XƏBƏRLƏR

Tehranda həbs edilən rusiyalı jurnalist Yuliya Yuzik azadlığa buraxılıb

2021.10.20, 07:36
Tehranda həbs edilən rusiyalı jurnalist Yuliya Yuzik azadlığa buraxılıb

Gunaz.tv

GünazTV: 8 gün əvvəl Tehranda həbs edilən rusiyalı qadın jurnalist Yuliya Yuzik oktyabrın 10-u səhər saatlarında azadlığa buraxılıb.

 

Bu barədə Rusiyanın Tehrandakı səfirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya və İran Xarici İşlər Nazirliklərinin birgə əməkdaşlığı nəticəsində, eləcə də Rusiyanın Tehrandakı səfirliyinin İran rəsmiləri ilə danışıqlar aparmasından sonra rəsmi Tehran Yuliya Yuzikin sərbəst buraxılmasına razılıq verib. Qeyd olunur ki, qadın jurnalist azad edildikdən sonra bu gün səhər Moskvaya uçub.

 

Rusiyanın Tehrandakı səfirliyinin mətbuat-attaşesi Andrey Qanenko jurnalistlərə açıqlamasında qadın jurnalistin səhhətinin yaxşı olduğunu bildirib.

 

Xatırladaq ki, Yuliya Yuzik oktyabrın 2-də Tehranda “Sepah” terror təşkilatı tərəfindən həbs edildikdən sonra“Sepah”a məxsus həbsxanalardan birində saxlanılırdı. Jurnalistin həbsi ilə bağlı xəbər isə oktyabrın 4-də yayılmışdı.

 

Bildirilir ki, qadın jurnalist bir müddət əvvəl İrandan gələn iş dəvətinə görə bu ölkəyə səfər edib. Hava limanında təhlükəsizlik qüvvələri jurnalistin xarici pasportunu alıb və ölkədən gedənə qədər sənədləri özünə qaytaracaqlarını deyiblər. Lakin həmin günün axşamı “Sepah” Yuliya Yuzikin qaldığı oteldə əməliyyat keçirib, onun otağının qapısını qırıb, içəri daxil olublar və jurnalisti özləri ilə aparıblar.

 

İran mediası rusiyalı jurnalistin İsrailə casusluqda günahlandırıldığını bildirsələr də, sonradan İran hökumətinin sözçüsü Əli Rəbii jurnalistin ittihamının casusluqla əlaqədar olmadığını, sadəcə olaraq onun vizasında olan bəzi problemlərlə bağlı olduğunu bildirmişdi.

 

Qeyd edək ki, Yuliya Yuzikin həbs olunması ilə bağlı xəbər yayılandan sonra İranın Moskvadakı səfiri Mehdi Sənai Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılmış, qadın jurnalistə qarşı irəli sürülmüş ittihamlar rədd edilmişdi. Rusiya tərəfi İran səfirinə Yuliya Yuzikin tezlikcə azad ediləcəyinə ümidvar olduğunu bildirmişdi.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar