SON XƏBƏRLƏR

Tehranda "Sepah"ın keçmiş komandirlərindən olan dərviş Məhəmməd Raci işgəncələr altında öldürülüb

2021.10.20, 07:36
Tehranda "Sepah"ın keçmiş komandirlərindən olan dərviş Məhəmməd Raci işgəncələr altında öldürülüb

Gunaz.tv

GünAzTV: İranda 12 gün əvvəl hüquq-mühafizə qüvvələri ilə qarşıdurmada tutulan, "Sepah"ın keçmiş komandirlərindən olan dərviş Məhəmməd Raci, polis təcridxanasında işgəncələr altında dindirilərkən öldürülüb. Bu barədə dərvişin qızı Təyyibə Raci, martın 4-də jurnalistlərə açıqlamasında xəbər verib.

 

O bildirib ki, atası fevralın 20-i sübh saatlarında Tehranın Pasdaran küçəsində polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi: “Bu müddət ərzində, bizim atamızın durumundan və onun harada saxlanılmasından xəbərimiz yox idi. Bu gün, Hüquq-mühafizə qüvvələrindən bizə zəng vurub atamın təcridxanada komaya düşdüyünü bildirərək, onun bir şəklini və şəxsiyyət vəsiqəsini götürüb Tehranın Şapur küçəsindəki 10-cu polis bölməsinə getməyimizi istədilər. Lakin polis bölməsinə gedəndən sonra onun artıq öldüyünü bildirdilər.

 

Polislər atamı tutub aparanda onu vəhşicəsinə döymüşdülər. Atamı polis avtomobilinə mindirəndə onun halı çox pis idi və güclə ayaq üstdə dura bilirdi. Lakin buna baxmayaraq o son anda əlini qaldırıb bizimlə xudahafizləşdi. O gündən ondan və səhhətindən tam xəbərsiz idik. İndi sual yaranır ki, əgər atam komaya düşmüşdüsə, niyə bunu bizdən gizlədib, heç olmasa onunla bir dəfə görüşümüzə imkan verməyiblər. Axı bizim ən ibtidai haqqımız idi. Atam, İran-İraq müharibəsi zamanı “Sepah” komandirlərindən biri idi və həmin vaxt kimyəvi zəhərlənməyə məruz qalaraq qismən iflic olmuşdu. O, 2005-ci ildə “Sepah”dan ayrılandan sonra Əliqudərzin yaxınlığındakı "Məzrəə Abad" kəndində əkinçilik işi ilə məşğul idi”.

 

Təyyibə Raci bildirib ki, fevralın 20-də hökumət qüvvələri ilə baş verən qarşıdurmada, atası ilə eyni vaxtda 22 yaşlı qardaşı Məhəmməd Əli Raci də tutulub və hazırda o, Fəşafuyə həbsxanasında saxlanılır.

 

 

Xatırladaq ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmada 3 polis və 2 “Bəsic” muzdlusu öldürülüb, onlarla dərviş yaralanıb, bir neçəsi güllə yarasından həlak olub, ən azı 300-ü həbs edilib.

 

 Hadisə, dərvişlərin yaşadığı məhəllələrin hökumət qüvvələri tərəfindən mühasirəyə alınmasından və onların dini rəhbəri Nurəli Tabəndənin evinə girməyə cəhd göstərməsindən sonra baş verib. Dərvişlər, əvvəlcə polis komandanları ilə sakitcə danışaraq, problemin dinc yolla həll olunmasını tələb ediblər. Lakin əli dəyənəkli polislər dərvişləri təhdid edərək, onları kobudcasına dağıtmağa cəhd ediblər. Nəticədə hər iki tərəf arasında qarşıdurma yaranıb.

 

Qeyd edək ki, 90 yaşlı Nurəli Tabəndə (Məczub Əlişah), məşhur şiə-sufi təriqətlərindən olan Nemətullahi sülaləsinin indiki başçısıdır. Son aylar hökumət qüvvələri iki dəfə onu həbs etməyə çalışsalar da, tərəfdarları onun yaşadığı evin ətrafında toplaşaraq buna imkan verməyiblər.

 

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar