SON XƏBƏRLƏR

Tehranın “Fəşafuyə” həbsxanasında siyasi məhbus öldürülüb- Foto

2021.10.20, 07:36
Tehranın “Fəşafuyə” həbsxanasında siyasi məhbus öldürülüb- Foto

Gunaz.tv

GünAz TV: Tehranın 32 kilometrliyində yerləşən “Fəşafuyə” həbsxanasında siyasi məhbus Əlirza Şirməhəmmədəli biçaqlanaraq öldürülüb.

 

Bu barədə məlumatı İran insan haqları fəalları sosial şəbəkələrdə dərc ediblər. Onun digər iki məhbus tərəfindən hücuma məruz qaldığı deyilir. Həmin məhbuslar qətl və ağır cinayətlər törətdiklərinə görə həbs olunmuş şəxslərdir.

 

Hücum nəticəsində Əlirza Şirməhəmmədəliyə çoxsaylı bıçaq zərbələri vurulub. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Öldürülən siyasi məhbus Əlirza Şirməhəmmədəli

 

İnsan haqları aktivistləri bildirirlər ki, bu hadisə bir daha İran rejiminin öz müxaliflərini aradan qaldırmaq üçün qanunsuzluqlar etməsini, yəni siyasi məhbuslarla qatillər və digər ağır cinayət törətmiş məhbusları eyni həbsxanada yerləşdirdiyini göstərir. Bəzi fəalların fikrinə görə, Əlirza Şirməhəmmədəlinin qətli İran rəsmiləri tərəfindən qatillərə sifariş edilib. Çünki dəfələrlə İranın zindanlarında siyasi məhbusların sifarişlə və ya polislər tərəfindən öldürülməsi halları qeydə alınıb.

 

Qeyd etmək lazımdır ki, 21 yaşı olan Əlirza Şirməhəmmədəli 15 iyul 2018-ci ildə “Xomeynini təhqir etmə”, “Xamneyini təhqir etmə”, “Müqəddəsləri təhqir etmə” və “Dövlət əleyhinə təbliğat” kimi ittihamlarla 8 il həbs cəzasına məhkum edilmişdi. İnsan haqları təşkilatları isə bütün bu ittihamları rədd edərək, Şirməhəmmədəlinin siyasi fəaliyyətinə və ifadə azadlığını istifadə etdiyinə görə, siyasi sifarişlə həbs edildiyini bildirirdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar