SON XƏBƏRLƏR

Tehranın polis komandanı: “Hicabsızlıqla mübarizədə güzəştə getməyəcəyik”

2021.10.20, 07:36
Tehranın polis komandanı: “Hicabsızlıqla mübarizədə güzəştə getməyəcəyik”

Gunaz.tv

GünAz TV: Tehranın polis komandanı Hüseyn Rəhimi ölkədə məcburi hicaba etiraz əlaməti olaraq təşkil edilmiş “8 Mart”, “Ağ Çərşənbə” və “İcbari Hicaba Yox” kimi hərakatları “mütəşəkkil cinayətkar qruplar” adlandırıb.

 

Hərakatları “İranda abır-həyanı məhv etməyə istiqamətlənmiş fəaliyyətlərdə” günahlandıran komandan polisin onların hamısını aşkar edib saxladığını deyib.

 

“Edilən təhqirlərə və deyilən ağır sözlərə rəğmən, polis hicabsızlıqla mübarizədə güzəştə getməyəcək”,- deyə Hüseyn Rəhimi əlavə edib.

 

Polis komandanı “1 saylı monitorinq planı”ndan danışıb və onun icrası nəticəsində qadınların maşında icbari baş örtüyünə riayətinin 90% artdığını iddia edib.

 

Rəhimi “2 saylı monitorinq planı”nın da artıq icrasının başladıldığını deyib. Onun sözlərinə görə, bu planda polisin böyük alış-veriş mərkəzlərində “abırsızlığı və hicabsızlığı yayanlarla” mübarizəsi nəzərdə tutulur. Bu istiqamətdə həmin mərkəzlərdə artıq polis qüvvələri yerləşdirilib.

 

Komandan həmçinin qeyd edib ki, xalq polisi vursa, döysə və hətta ən ağır söyüşlərlə təhqir etsə də, polisin icrabi hicaba qarşı çıxanlarla mübarizəsi daha da kəskin formada davam edəcək.

 

Rəhimi sonda qeyd edib ki, polis məcburi hicaba qarşı çıxanlara qarşı internetdə və yollarda da mübarizə aparmağa davam edir.

 

Qeyd etmək lazımdır ki, İranda məcburi hicaba qarşı çıxan “Ağ Çərşənbə” kampaniyasını Məsil Əlinejad başladıb. O, 2009-cu il seçkilərindən sonra İranı tərk edib, “Tədrici Azadlıq” adlı hərəkat yaratmışdı. Hərəkatın sosial şəbəkələrdə fəaliyyət göstərən hesablarında tez-tez İranda icbari hicaba etiraz əlaməti olaraq ictimai yerlərdə öz baş örtüklərini açan qadınların foto və videoları dərc edilirdi.

 

Bundan başqa, Münirə Ərəbşahı, Yasəmən Ariyayi və Müjqan Keşavərz adlı digər 3 qadın haqları aktivisti 8 Mart Beynəlxalq Qadınlar günündə Tehran metrosunda hicablı qadınlara gül verdiklərinə görə həbs edilmişdilər. Onlara ümumilikdə 55 il həbs cəzası çıxarılıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar