SON XƏBƏRLƏR

Tibb kitabını yandıran molla: “Mənim şikayətimlə 3 həkim şallaq cəzasına məhkum edilib”

2021.10.20, 07:36
Tibb kitabını yandıran molla: “Mənim şikayətimlə 3 həkim şallaq cəzasına məhkum edilib”

Gunaz.tv

GünAz TV: Bir müddət öncə Harrisonun Daxili Xəstəliklərin Prinsipləri adlı kitabını yandırmaqla gündəmə düşən axund Abbas Təbriziyan onu tənqid edən həkimləri məhkəməyə verib.

 

Ona məxsus Telegram kanalının məlumatına əsasən, axund 3 həkimdən özünü “təhqir etdiklərinə” görə Məşhəd məhkəməsinə şikayət edib.

 

Məşhədin 2 saylı Cinayət Məhkəməsinin 136-cı şöbəsinin hökmü ilə həkimlərin hər biri “sosial şəbəkələrdə təhqir etmə” ittihamı ilə 60 şallaq zərbəsinə məhkum edilib. Lakin Abbas Təbriziyan bildirir ki, hökmün icrası 1 il təxirə salınıb. Məhkəmənin çıxardığı qərarda tarix 2019-cu ilin 31 dekabrı göstərilsə də, axundun Telegram kanalı bu barədə xəbəri yaxın günlərdə paylaşıb.

 

İranın hüquq mühafizə orqanları hələ ki, yayılan xəbərlərə reaksiya verməyib. Amma “İsna”nın məlumatına görə, Səhiyyə nazirinin müavini Qasım Canbabayi keçirdiyi mətbuat konfransında məsələdən xəbərdar olduğunu qeyd etsə də, yayılan məlumatların doğru olub-olmadığından məlumatsız olduğunu deyib.

 

Qeyd etmək lazımdır ki, tərəfdarları axund Abbas Təbriziyanı “islami tibbin atası” adlandırırlar. Təqribən 3 həftə öncə onun modern tibbin etibarlı mənbələrindən hesab edilən Harrisonun Daxili Xəstəliklərin Prinsipləri kitabını yandıran halda videosu yayılmışdı. O, bu addımının səbəbini “kimyəvi tibb ilə mübarizə, islami tibbə qayıdışın zərurəti” kimi dəyərləndirmişdi.

 

İranın Səhiyyə naziri isə Təbriziyanın bu əməlinə verdiyi reaksiyada bildirmişdi ki, bu addım cahil ruhanilərin Taliban təfəkküründə olduqlarının göstəricisidir.

 

Digər tərəfdən, ötən ilin dekabr ayının sonlarında Mahmud Haşimi Şahrudinin oğlu Əla Haşimi Şahrudi atasının ölümünü “islami tibb” mütəxəssislərinin səhv müalicələri ilə əlaqələndirmişdi. O bildirmişdi ki, atası həkimlərin yerinə “islami tibb” mütəxəssislərinə qulaq asdı, nəticədə xəstəliyi nəzarətdən çıxdı və öldü.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar