SON XƏBƏRLƏR

Tikantəpənin imam cüməsindən Qərbi Azərbaycanın yerli olmayan valisinə xəbərdarlıq

2021.10.20, 07:36
Tikantəpənin imam cüməsindən Qərbi Azərbaycanın yerli olmayan valisinə xəbərdarlıq

Gunaz.tv

GünAz TV: Tikantəpə şəhərinin imam cüməsi Qərbi Azərbaycanın yerli olmayan valisinə xəbərdarlıq edərək bildirib ki, Tikantəpənin problemlərinə baxılmayacağı təqdirdə şəhər əhalisi əyalətdən ayrılaraq Zəncan Əyalətinə ilhaq edilməyi tələb edəcək.

 

İsa Bəradəri bu barədə “Urom News” xəbər agentliyinə danışıb.

“Bu qədər zəngin mədənlərə sahib olan Tikantəpə səlahiyyətli şəxslər, xüsusi ilə də yerli məsulların diqqətindən kənarda qaldığı üçün yoxsul vəziyyətdədir. Qızıl mədənlərindən ildə milyardlar tümən məbləğində pul əldə edilir, lakin bir rial belə bölgə əhalisinə xərclənmir.

Təəssüflər olsun ki, mədənlərdən əldə olunan gəlirin qanunla nəzərdə tutulan 15 faizi və əlavə dəyərin 9 faizi Tikantəpə əhalisinə çatmayıb. Bu məbləğ ödənilərsə, Tikantəpə bu vəziyyətdən çıxar, hətta dövlət büdcəsinə belə ehtiyac qalmaz”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

İ.Bəradəri Tikantəpə yolları, o cümlədən Tikantəpə-Şahindej yolunun bərbad vəziyyətdə olduğunu da diqqətə çatdırıb.

 

“Məsulların Tikantəpəyə bu şəkildə laqeyd münasibət bəsləməsi qəbuledilməzdir. Əyalət rəhbərliyi Tikantəpənin vəziyyətinə diqqətə yetirməsə, şəhər əhalisi Qərbi Azərbaycandan ayrılaraq Zəncan əyaləti ilə birləşmək istəyəcək. O zaman çoxlu mədən və mədəni potensiala malik olan Tikantəpə və “Təxt-i Süleyman” kimi yerlərin əyalətdən ayrılacağına şahid olacaqsınız. Biz bunu ürəkdən arzulamırıq, lakin vəziyyət belə davam edərsə, bu məntəqədə xoşagəlməz hadisələr baş verə bilər”- deyə imam cümə sözlərinin davamında qeyd edib.

 

Tikantəpə Yaxın Şərqin ən böyük qızıl mədənlərindən olan “Zrehşuran” və “Ağ-dərə” kimi istisadi qaynaqlara malikdir. Bu bölgədə 80-dan çox müxtəlif qiymətli daş mədəni də mövcuddur. Buna baxmayaraq Tikantəpə İranın ən yoxsull şəhərləri sırasında yer alır. Tikantəpənin qızıl mədənləri fars bölgələrinin iş adamlarına satılıb. Mədənin məhsulu xammal kimi bölgədən çıxarılaraq İsfahan, Kirman, Yəzd və Tehran kimi şəhərlərə daşınır. Ona görə də bölgə əhalisi bu mədənlərdən heç bir gəlir əldə edə bilmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar