SON XƏBƏRLƏR

Tikantəpənin “Sərdar Əfşar” qalasının Tehranda yaşayan radikal bir kürdə buraxılmasının pərdə arxası...

2021.10.20, 07:36
Tikantəpənin “Sərdar Əfşar” qalasının Tehranda yaşayan radikal bir kürdə buraxılmasının pərdə arxası...

Gunaz.tv

GünAz TV: İran mərkəzi hökumətin yerli əlaltıları Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi istiqamətində daha bir addım atmaqdadır.

 

Son məlumata görə, Tikantəpə şəhərinin simvolu kimi tanınan “Sərdar Əfşar” qalası 15 illik müqavilə əsasında Nasir Qüdrəti adlı radikal bir kürdə buraxılıb.

 

Tarixi “Sərdar Əfşar Qalası”na bu günədək Qızıl Aypaya Cəmiyyəti nəzarət edib. Lakin bu məkanın qısa zamanda Tehranda yaşayan Nasir Qüdrətiyə təhvil veriləcəyi qeyd olunur.

 

Etibarlı mənbələrdən əldə etdimiz məlumata görə, Tikantəpənin İran parlamentindəki sözdə millət vəkili Humayun Haşimi tarixi məkanın radikal kürdə buraxılmasında əsas rol oynayıb. O bundan əvvəl keçmiş Həmkarlarından olan Həsən Mahmudini Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı direktor vəzifəsinə gətirmək üçün Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyariyə təqdim edib. Həsən Mahmudi vali tərəfindən dərhal sözügedən vəzifəyə təyinat alıb.

 

Bildirilir ki, Həsən Mahmudi Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru postuna təyin olunduqdan sonra Humayun Haşiminin tövsiyyəsi ilə “Sərdar Əfşar” qalasını tender elan etmədən gizli şəkildə Nasir Qüdrətiyə ötürüb.

 

Araşdırmalara görə, Tikantəpənin kürd kökənli sözdə millət vəkili Humayun Haşimi seçkiqabağı təbliğat-təşviqat dönəmində Nasir Qüdrətidən təxminən 1 milyard tümən maliyyə yardımı alıb. Yəqin ki, o bunun qarşılığında radikal kürd iş adamına tarixi qalanı hədiyyə etmək istəyir.

 

Bu işdə Tikantəpənin keçmiş İcra Hakimikyyəti başçısı Əli Mükərrəminin də rol oynadığı bildirilir. Deyilənlərə görə, onun Nasir Qüdrəti ilə yaxın iş əlaqəsi olub. Hər zaman Humayun Haşimi və Məhəmməd Mehdi Şəhriyariyə dəstək verən Əli Mükərrəmi bir müddət əvvəl Şəhər İcra Hakimiyyətinin başçısı postundan kənarlaşdırılıb.

 

Nasir Qüdrətinin kürdçülük ideyası uğrunda radikal mövqe sərgilədiyi, hətta kürd terror qruplaşmalarının tərəfdarı olduğu deyilir. O Tehranda fəaliyyət göstərən “Asiman gəşt bərin” turizm şirkətinin sahibidir. Məlumata görə, o “Sərdar Əfşar” qalasından sözdə turizm sahəsində istifadə edəcək. Lakin bu tarixi məkanın kimliyinin təhrif ediləcəyi və radikal kürdçülük ideyasının təbliğində istifadə olunacağı bölgə əhalisində şübhə doğurmur.

 

Güney Azərbaycan əhalisinin “Sərdar Əfşar” qalasının radikal kürdə buraxılmasına etiraz etməsi olduqca önəmlidir. Etirazlar geniş vüsət alarsa, Urmiya şəhərinin tarixi bazar ərazisinin iraqlı kürdə buraxılmasının qarşısı alındığı kimi, bu müqavilənin də ləğv olunmasına nail olmaq mümkündür.

 

“Sərdar Əfşar” qalası Nasirəddin şah Qacar zamanı “Sərdar Əfşar” adı ilə tanınan Hüseynəli xan Əfşar tərəfindən tikilib. Tarixi məkan təxminən 100 il Azərbaycan Əfşar məntəqəsinin idarə işlərinin mərkəzi olub.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar