SON XƏBƏRLƏR

Tikantəpənin Zərşuran Qızıl Mədəni fəaliyyətini dayandırıb – SƏBƏB?

2021.10.20, 07:36
Tikantəpənin Zərşuran Qızıl Mədəni fəaliyyətini dayandırıb – SƏBƏB?

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Tikantəpə şəhərində Zərşuran Qızıl Mədəni fəaliyyətini dayandırıb.

 

Buna səbəb ətraf kəndlərin əhalisinin mədənin ətraf mühitə ziyan vurması, məntəqənin talanması və mədəndə yerli əhaliyə iş verilməməsinə etiraz etməsidir.

 

Bu barədə “İlna” xəbər agentliyi şənbə günü xəbər yayıb.

 

“Zərşuranda işlərin dayandırılmasına səbəb ətraf kəndlərin əhalisinin mədəndə işləməklə bağlı etiraz yığıncağı keçirməsidir. Həmin yığıncaqda qarşıdurma da yaşanmışdır. Kəndlilər bildirir ki, mədəni çalışdıran “Ahən Acin” Şirkəti mədəndə yalnız yerli olmayan şəxsləri işə götürür”- deyə mədən işçiləri bildirib.

 

Məlumata görə, mədən fəaliyyətə başladığı gündən ətrafdakı Zərşuran, “Yengi kənd”  və “Yar əziz” kəndinin əhalisi iş üçün mədəni çalışdıran şirkətə müraciət edirlər, lakin heç bir nəticə yoxdur.

 

Mədən ötən çərşənbə günündən fəaliyyətini dayandırıb, iş yerlərini itirən işçilər isə cümə axşamı günü Tikantəpə Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

 

Zərşuran Mədənini çalışdıran şirkətin icraçı direktoru Məqsud Nasiri “İlna”ya verdiyi açıqlamada bildirib ki, “kəndlilər mədəndə işlərin davam etdirilməsinə qarşıdır. Onlar mədənin ətraf mühitə ziyan vurduğunu iddia edir.”

 

Aprelin 19-da yerli mətbuat orqanları Zərşuran mədəninin yaxınlığında yerləşən “Yar əziz” kəndində 12 baş qoyunun şübhəli şəkildə tələf olduğunu yazmışdır. Kənd əhalisi qoyunların tələf olmasını mədənin ətraf mühitə vurduğu ziyanla əlaqəli olduğunu iddia etmişdir.

 

Qeyd edək ki, Zərşuran Mədəni Yaxın Şərqin ən böyük qızıl mədəni sayılır. Qərbi Azərbaycanın Tikantəpə bölgəsinin Zərşuran kəndində yerləşən mədənin qızıl məshulu fars bölgələrindən olan şirkət sahiblərinə nəsib olur, mədəndə hətta yerli işçilərə belə iş verilmir. Tikantəpə İranın ən yoxsul şəhərləri sırasındadır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar