SON XƏBƏRLƏR

Tramp: “İran rejimi müharibə istəsə, bu onun rəsmən sonu olacaq”

2021.10.20, 07:36
Tramp: “İran rejimi müharibə istəsə, bu onun rəsmən sonu olacaq”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp mayın 19-da “Twitter” səhifəsində yazdığı bir statusda İran rejiminin Amerika Birləşmiş Ştatlarına qarşı təhdidinə kəskin reaksiya verib.

 

Trampın məsələyə münasibət bildirməsi, İraqın paytaxtı, Bağdadın mərkəzində yerləşən “Yaşıl zona” deyilən ərazisinə “Katyuşa” tipli bir raketin atılmasından bir neçə saat sonraya təsadüf edib.

 

Tramp yazdığı statusda rəsmi Tehrana səslənərək, Amerikaya qarşı təhdidlərinə son qoyulmasını tələb edib: “Əgər İran rejimi müharibə istəsə, bu onun rəsmən sonu olacaq. Heç vaxt Amerika Birləşmiş Ştatlarını yenidən təhdid etməyin” – deyə Tramp vurğulayıb.

 

ABŞ prezidenti İranın konkret hansı rəsmisinin təhdidinə cavab olaraq bu statusu yazdığını açıqlamayıb.

 

 

Qeyd edək ki, mayın 19-u axşam saatlarında Bağdadın “Yaşıl zona”sına “Katyuşa” tipli bir raket atılıb. Amerikanın həmin zonada yerləşən səfirliyinin 1 kilometrliyindəki bir əraziyə düşən raket zərbəsi nəticəsində xəsarət alan olmasa da, ətraf binalara xeyli ziyan dəyib. İraqın təhlükəsizlik qüvvələri raketin atəş açıldığı məkanı tapsalar da, raketin kimlər tərəfindən Amerika səfirliyinə doğru atıldığı bəlli deyil. Təxmin edilir ki, raket “Yaşıl zona”ya İranın yaradıb maliyyələşdirdiyi “Həşdi-Şəəbi” qüvvələri və ya İrana bağlı hansısa bir yaraqlı şiə qruplaşması atıb.

 

Bağdadın "Yaşıl zonası". (Arxiv şəkili)

 

Bağdadın mərkəzində yerləşən "Yaşıl zona", İraqın hökumət qurumlarının, parlamentin,  nazirliklərin, eləcə də əksər xarici səfirliklərin yerləşdiyi və möhkəm qorunan bir ərazidir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar