SON XƏBƏRLƏR

Tramp: “İranla əməkdaşlıq edən Avropa şirkətlərinə sanksiya qoyacağıq”

2021.10.20, 07:36
Tramp: “İranla əməkdaşlıq edən Avropa şirkətlərinə sanksiya qoyacağıq”

Gunaz.tv

GünAzTV: Amerika prezidenti Donald Tramp iyulun 1-də “Fox News” telekanalına müsahibəsində İranla ticarət əlaqələrini davam etdirən Avropa şirkətlərinə xəbərdarlıq edərək, İranın uranı zənginləşdirməyə başlaması ilə bağlı fəaliyyətindən danışıb.

 

Tramp bildirib ki, Vaşinqtonun İranla ticarət əlaqələrinə qoyduğu məhdudiyyət və qadağa pozan avropalı şirkətlər cəzasız qalmayacaq: “Biz, İranla ticarət əlaqələrinə qarşı qoyduğumuz məhdudiyyət və qadağalara riayət etməyən, bu ölkə ilə əməkdaşlı edən Avropa şirkətlərinə sanksiya qoyacağıq. Bu işdə heç bir Avropa ölkəsinin şirkətlərinə güzəştə gedilməyəcək. Bu, bizim atacağımız qəti addımdır”.

 

İranın regionda, o cümlədən də Suriya və Yəməndə apardığı təxribat xarakterli fəaliyyətinin əvvəlkinə nisbətən xeyli azaldığını bildirən Tramp, İranın uranı zənginləşdirməyə başlaması ilə bağlı fəaliyyətini yenidən bərpa etməsi məsələsinə də toxunub: “Əgər onlar (iranlılar) bu sahədəki fəaliyyətlərinə başlasalar, çox ağır problemlərlə üz-üzə qalacaqlar”.

 

Xatırladaq ki, Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, Amerikanın sanksiyalarından ehtiyatlanan onlarla avropalı və beynəlxalq şirkət, son həftələr İranla əməkdaşlığına son qoyub. Bu isə milli valyutanın məzənnəsinin gündən-günə dəyərdən düşməsinə, dolların dəyərinin qalxmasına, kəskin bahalaşmağa və ticarət mərkəzlərində alış-verişin dayandırılmasına səbəb olub.

 

 

Milli valyutanın sürətlə dəyərdən düşməsi isə son günlər İranın bir neçə şəhərində, o cümlədən də Tehran, İsfahan, Ərak, Kirmanşah və Məşhəd şəhərlərində kütləvi etirazlara və həmin etirazlarda ən azı 129 nəfərin həbs olunmasına gətirib çıxarıb.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar